Premyer Liqada legioner limitinin ləğvi kimlərin şəxsi biznesini "öldürür"?

29 Sentyabr 2021 11:40 Problem 1 760
Premyer Liqada legioner limitinin ləğvi kimlərin şəxsi biznesini "öldürür"?

Necə gündür Azərbaycan futboluna yaxıından və uzaqdan bağlılığı olanlar gərgin polemika içindədir.

Legioner limiti ətrafında müzakirələr firqəni iki yerə bölüb: limitin qalmasını və ləğvini istəyənlər.

«Şerif» mübahisələrin sonunu dünən gətirdi. İki-üç il əvvələdək avrokuboklarda «Qarabağ»ın qapazaltısı olan Moldova klubu Çempionlar Liqasında xaruqələr yaradır indi.

Təsnifat mərhələsində rəqib tanımayan, Zaqreb «Dinamo»sunu da zərərsizləşdirən «Şerif» qitənin ən mötəbər klub turnirində bütün proqnozları alt-üst etməkdədir.

«Şaxtyor»u evdə üstələdilər, səfərdə də «Real»ı. Bir anlıq təsəvvür edin ki, hansısa Azərbaycan klubu Madriddə «Real»a qalib gəlib, həmin an nə baş verər?

Bütün ölkə bayram libasına bürünər, 7 gün, 7 gecə şadyanalıq olar. Bir ölkənin beynəlxalq arenada reklamı üçün bundan gözəl, güclü və təsirli reklam?

«Real»ın «Şerif»ə məğlubiyyəti dünya mediasını bir-birinə vurub. Moldovanın adını eşitməyənlər adi bir kluba görə indi bu ölkəni xəritədə axtarır, ora getmək üçün təyyarə bileti sifariş edir, səyahətə hazırlaşır.

Bunlar bir neçə saatın içində baş verən hadisələrdir və təəssüf ki, vaxtilə SSRİ-nin çətiri altında birləşdiyimiz Moldovanın klub futbolunda qazandığı tarixi uğur bizim üçün əlçatmazdır.

«Qarabağ» 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı, 2 xal topladı. «Şerif» isə bundan 3 dəfə artıq xalı artııq 2 tur ərzində öz aktivinə yazıb.

Gör, indi Avropada kimisə maraqlandırır ki, Moldovada legioner limiti var, ya yox? Guya, olsa, nə olacaq? Olmasa, nə olacaq?

Legioner limitinin ləğvinin millini zəiflədəcəyi yönündə Azərbaycanıın futbol ictimaiyyətini parçalayan mübahisələr yersiz və gülməlidir. Elə hay-küylə sinə yırtırlar ki…

Ay adamlar, hansı millidən, hansı zəifləməkdən danışırsız? Bizim millinin güclü vaxtı olubmu heç?

Yalançı şüvənlliklə özünüzü kimə göstərirsiz? AFFA rəhbərliyinə? PFL rəhbərliyinə? Başqa kimə?

İnanın, onları nə milli maraqlandırır, nə klub futbolu. Onların iş-gücü çırpışdıırmaqdır. Nə çırpışdırırlar, niyə çıırpışdırırlar, özləri yaxşı bilirlər.

Bu mövzunu bağlayın, atın arxivə. Klublar güclü olmasa, avrokubokllarda uğurlu çıxış etməsə, milli də heç vaxt boyundan yuxarı tullanmayacaq, həmişəki kimi yenə məğlubiyyətləri sıralayacaq, təsadüfi qələbələrə möhtac qalacağıq.

Əlbəttə, mən qarın doyurmaq üçün Azərbaycana gələnləri legioner saymıram. Onlara bir «quş». Dediyim səviyyəsi şübhə doğurmayan təcrübəli əcnəbi futbolçulardan, perspektiv vəd edən gənclərdən gedir.

«Şerif» Moldova çapında imkanlı klub sayılır, müqayisə etsək, Azərbaycanda onlardan da maddi gücü böyük komandalar var. «Şerif» həmin legionerləri Moldovaya gəlməyə razı sala bilirsə, bizimkilər niyə etməsin, edə bilməsin?

O başqa məsələ ki, 60 min dollarlıq futbolçunun sənədinə 200 min dollar yazılır. Belə-belə xoşagəlməz «ənənə»lərə son qoyulmayana kimi Azərbaycan klublarına avrokuboklarda ciddi «əppək» yoxdur.

Yenə gəlib dayanırıq nəfs söhbətində. Peşəkarlıq mövzu olmaqdan çıxır, şəxsi ambisiyalar ələ alınır. Mədəsi doyub, gözü ac olanlar özlərini islah edə bilsə, «Şerif»in dünən Madriddə qazandığı tarixi zəfəri Azərbaycan futbolu da yaşayar.

Yenə də buna cəhd göstərməli, limit ətrafında mübahisələrə nöqtə qoymalıyıq. 6+5 limiti millini ilbəil geri salır – bu, çıxış yolu deyil.

Premyer Liqada limit hələ 6+5-dir, ölkənin əsas yığmasının əsasını milliləşdirilmiş legionerlər təşkil edir, biz nə qoyub, nə axtarırıq, hansı təəssübkeşlikdən söz açırıq? Limiti yığışdırandan sonra Azərbaycana bağlılığı olmayanların milliyə cəlb edilməsi prosesi dayandırılacaq guya?

Ən gəlirli biznes budur, əslində! AFFA-da əyləşənlər, onların «əlinə oynayan» menecerlər qrupu illərdir bu biznesdən böyük pullar götürür, klubların avrokuboklarda uğurlu çıxışı hansı birinin vecinədir ki?

Limitin qalmasına tərəfdar çıxıb, özlərini millinin halına canıyanan kimi göstərənləri mən «saxta təəssübkeş» gözündə görürəm, hansılar ki, futbolumuzun inkişafı yönündə bir real addım da atmayıblar, daim ortada yeyib, qıraqda gəzməyə öyrəşiblər.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti