AFFA ağır korrupsiya ittihamlarına cavab verdi

20 Sentyabr 2021 17:20 Problem 946
AFFA ağır korrupsiya ittihamlarına cavab verdi

“Artıq 2 ildir ki, “Keşlə” Futbol Klubu “İnter” stadionuna ("ASK Arena" - red.) 5800 manat icarə pulunu ödəmir”.

Sportinfo.az xəbər verir ki, bu haqda tanınmış vəkil Aslan İsmayılov bu gün özünün "facebook" səhifəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir.

Vəkil ona olunan müraciətlər əsasında klub rəhbərliyi ilə bir neçə dəfə danışdığını, qarşı tərəfin borcu etiraf edərək ödəyəcəyinə dair söz verdiyini bildirib. Lakin borc hələ də ödənməyib.

Aslan İsmayılov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova bir neçə dəfə zəng etdiyini, lakin zənglərinin cavabsız qaldığını vurğulayıb.

O, sms vasitəsi ilə Məmmədovu problemdən xəbərdar etsə də, nəticə olmadığını vurğulayıb: "Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur"

Sonda İsmayılov Baş Prokurorluğu mövzu ilə bağlı araşdırma aparmağa çağırıb.

AFFA Aslan İsmayılovun assosiasiya ilə bağlı yazdığı iddialara münasibət bildirib. Qurumun rəsmi saytında yerləşdirilən bəyanatı təqdim edirik:

"Hüquqşünas Aslan İsmayılov “facebook” sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb, AFFA-nı korrupsiyada ittiham edib.

İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir.

2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər.

Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır.

Aslan İsmayılov qeyd olunan “facebook” paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!