Azərbaycan futboluna xəyanət!

10 Sentyabr 2021 09:40 Problem 3 174
Azərbaycan futboluna xəyanət!

Bugünlərdə paralimpiyaçılarımızın Tokioda qazandıqları möhtəşəm nəaliyyətlərə baxaraq nə qədər qürur duyuruqsa, bir o qədər də futbolumuzun, bu dəfə isə milli komandalarımızın simasında həm əsas, həm də U21-in biabırçı çıxışından xəcalət çəkirik.

Hər dəfə hansısa bir təsadüfi heç-heçəni bizlərə böyük uğur kimi sıramaq istəyən AFFA-dan futbolumuzdakı özbaşınalığa son qoymasını tələb edirik.

Futbolumuzdakı saxtakarlıq və bunun nəticəsi kimi, günü-gündən uçurumun dibinə sürətlə getməsi ilə əlaqədar müntəzəm olaraq məqalələr yazılır.

Xüsusi verilişlərdə uğursuzluğun səbəblərini axtarıb, çıxış yollarının tapılmasına çalışılır. Bəzən heyətdə Əlinin, yoxsa Vəlinin, «yaxud taktiki sistemi fərqli etmişdik» deyə uğursuzluğun səbəbini əsaslandırmağa çalışılır.

Sanki hər hansı dəyişiklik, yaxud təsadüfü qələbə qeydə alınsaydı, hər şey qaydasında olacaqdı?

Futbolumuzda tətbiq etdiyimiz uzunmüddətli strategiyanın bəhrəsini görməyə başlamışıq deyəcəkdik? İctimaiyyəti yalan vədlərlə aldatmağa davam edəcəkdik.

Mənim isə bu anda”Bəyin oğurlanması” filmindəki kiçik bir epizod gözlərim önünə gəlir.

Xəbər çıxanda kı ”bəy”i oğurlayıblar, aləm bir-birinə dəyən anda səbəkarlar ortaya çıxıb, konkret çıxış yolunu bildirirlər. İndi biz də futbolumuzda aləm bir-birinə dəyən anda ortaya çıxıb, xilas yolunun başlama nöqtəsini bəyan edirik. Bilin, başda AFFA olmaqla, futbolumuzun mayası korlanıb.

Kifayət qədər faktlar ortaya qoymuşuq. Nümunə üçün bir daha bildirirəm: ”Keşlə” razılaşmaya gedərək, AFFA tərəfindən ayrılmış vəsaiti əsas komandanın problemlərinə yönləndirir.

Süni yaradılmış ”problemlər”in həllində həmin vəsait yetərli olmayınca, həll yolu kimi təyinatdan kənara çıxmaqla, akademiyanın uşaq futbolunun inkişafı istiqamətində UEFA tərəfindən ayrılan vəsaitdən istifadə etməklə, orada çalışan məşqçi heyətinin maddi şəraiti məhdudlaşdırılır, haqları yeyilir.

Biz hələ ki, uşaq futboluna biganəliyə, haqsızlığa son qoyulmasına çağırış edirik. «Uşaqlarımızın və onları yetişdirən məşqçi heyətinin haqlarını qoruyaq» deyirik. Yaddan çıxarmayaq ki, ümumi inkişaf uşaq futboluna peşəkar yanaşmadan keçir.

Elə bu faktın özü futbolumuzun gələcəyinin təminatı olan uşaq futbolunun məhvi demək deyilmi? Sanki heç kim bu harayı eşitmək istəmir; başda AFFA olmaqla.

Heç nə olmamış kimi proseslərə reaksiya vermək əvəzinə, səhnəyə çıxmaq naminə çıxanlar, qaranlıq otaqda qara pişiyi axtarırmış kimi futbolumuzun gələcəyini axtarırlar.Mayası haqsızlıqlarla yoğrulmuş bir sahədə uğur heç vaxt ola bilməz, qardaşım.

Uşaq futboluna qayğıda biganəlik varsa, futbolumuz da həmişə axsayacaq və çatışmazlıq sonda mütləq sağalmaz fəsada gətirib çıxaracaq. Yeni nəslin yetişməsinə hər yolla mane olmağa çalışmaq, öz-özlüyündə futbola xəyanətdir.

”Keşlə”nin akademiyasında oynayan uşaqların valideynləri sosial şəbəkələrdə olduğu kimi, saytımıza da müraciət ediblər.

Bizə ünvanlanmış məktubda məsələlərin həllini tapmayacağı halda, sonrakı addımlarının ölkə rəhbərliyinə müraciət olacaqlarını bildiriblər.

Nəzərə alsaq ki, bugünlərdə ölkə başçısı yeni təyin etdiyi idman naziri ilə görüşündə uğursuz nəticələr səbəbindən idmana aid bütün sahələrdə olan çatışmazlıqların aradan qaldırılmasını, hətta onların yoxlanılmasını önə çəkdi.

Yeni nəsil idmançıların nə səbəbə yetişdirilməməsinin araşdırılmas tapşırığını verdi. Yeni nəsil idmançıların yetişməməsinin səbəbini açıq-aşkar tərəfimizdən bütün distansiyalara bəyan edirik.

İdmanın, ələlxüsus da futbolumuzun inkişafı naminə dövlətin ayırdığı böyük vəsaitlərin yerlərdə talan edilməsi müqabilində yerlərinin özəlləşdiyini hesab edən rəhbər şəxslərin hətta UEFA-nın uşaqlara göndərdiyi vəsaitə də göz dikməsi əyani sübut olduğu qədər, valideynlərin də səbr kasasını doldurub.

Təsadüfü deyil ki, «Keşlə»nin akademiyasında aparıcı oyunçuların çoxuna valideynləri tərəfindən hələ də komandaları ilə məşq proseslərinə qatılmağa icazə verilmir.

Uşaq futbolundakı yarıtmaz şəraitə etiraz kimi çıxış yolunu uşaqlarının müxtəlif variantlarla digər komandalara keçməsində görürlər və buna da çox asan şəkildə nail ola bilirlər.

Bu faktlar təbii olaraq onların oyunçu yoldaşlarının valideynlərinin haqlı narazılığına səbəb olur.

Biz faktları daim saytımızda işıqlandıracaq, onların həlli üçün lazım olan bütün variantlara gedəcəyik.

Ümid edirik ki, ”Keşlə” rəsmiləri də üzərlərinə düşən borcu peşəkarcasına araşdırmağa vaxt ayıracaq, digər klublarda uşaqlara və onların məşqçilərinə yaradılmış şəraitlə yaxından maraqlanacaq, özləri üçün bir nəticə çıxaracaqlar.

Bəlkə onda burada biganəlik səbəbindən yaradılmış problemlər öz həllini tapar, valideynlərin ölkə rəhbərliyinə müraciətinə ehtiyac qalmaz.

Əks təqdirdə, daha başqa özbzşınalıq faktlarının da üstü açıla bılər. Hansılar ki, biz artıq həmin məlumatlara malikik.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi