“Bu məsələyə FİFA-da baxılacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadənin meneceri Səbuhi Səfiyarlı deyib.
Onun bildirdiyinə gör, "Əl-Əyn"dən ali futbol qurumuna şikayət ərizəsi ünvanlanacaq. Bəhlul Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) klubundan 900 min avro təzminat tələb edib.
“Qəbələ”nin yetirməsi onunla 3 illik müqavilə imzalayan və iyulun 1-dən qüvvəyə minən kontraktı sonradan birtərəfli qaydada pozan BƏƏ təmsilçisinin qeyri-peşəkar davranışına görə sərt cəzalandırılmasını istəyir.
“Əl-Əyn”lə razılığa gəlməsi səbəbindən “Sabah”dan ayrılan, ərəblərin məlum addımı atması nəticəsində “Qarabağ”ın yolunu tutan Mustafazadənin FİFA-ya göndərdiyi şikayət ərizəsində 900 min avronu qeyd eləməsi təsadüfi deyil.
BƏƏ klubu rəsmi sənədlərə əsasən, 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb.
S.Səfiyarlı qeyd edib ki, FİFA-nın mübahisəli işi qarşıdakı 3-4 ay ərzində araşıdırıb qərar verməsi gözlənilir:
“Adətən, bu kimi məsələlərə həmin müddət ərzində baxılır. Vəkil hazırda sənədləri təqdim etməyə hazırlaşır.
Vəziyyət belə alınandan sonra “Əl-Əyn”dən heç kim bizimlə əlaqə saxlamayıb. Onlardan ümumiyyətlə xəbər yoxdur.
Vəkil işlə tanış olub və əmindir ki, FİFA Bəhlulun xeyrinə qərar çıxaracaq. Çünki ərəb klubunun müqavilə öhdəliklərinə qeyri-peşəkar yanaşmasına dair sübutlarımız var”.

