”Keşlə” Futbol Akademiyasında şəraitin dözülməz vəziyyətə çatması haqda məlumat vermişdik.
Məqalə geniş rezonansa səbəb olsa da, cavabdeh şəxslər üzərlərinə düşən addımı atmadı.
Yazıda konkret olaraq akademiyanın məşqçilərinin pozulmuş hüquqlarının klub rəhbərliyi tərəfindən bərpa olunması üçün çağırış edilmişdi.
İnanmaq istəyirdik ki, rəsmilər vəziyyəti bir daha təhlil edəcək və məsələni UEFA-nın qaydaları çərçivəsində - obyektiv və hümanistcəsinə dəyərləndirəcək.
İndi görsənən isə odur ki, yaxşılığa doğru addım atmaq fikrində deyil. Odur ki, biz bir neçə faktı yenidən xatırlatmaq məcburiyyətindəyik.
Başlayaq ondan ki, UEFA öz bayrağı altında çıxış edən ölkələrin komandalarının hər birinin hesabına ayrıca olaraq uşaq futbolunun inkişafı üçün kifayət qədər böyük məbləğdə pul keçirir.
Əsas məqsəd yerlərdə uşaq futbolunun inkişaf etdirilməsi və bu istiqamətdə problem yaşanmamasıdır.
Klubların hesabına pul keçirmə mexanizmi isə yerli federasiyaların iştirakı ilə keçirilir. Yəni, Azərbaycanda da bu sistem AFFA-nın vasitəsilə baş tutur.
Fedarasiyalarda isə bu vəsaitin təyinatı üzrə düzgün xərclənməsinə nəzarər edən qurum mövcuddur.
Onda sual yaranır: AFFA bu vəsaitin təyinatı üzrə xərclənməsini həqiqətənmi nəzarətdə saxlayır? Yoxsa AFFA klublarla gizli danışıqlara gedərək, bu məsələyə göz yumur?
Bəlkə federasiya daxil olmuş vəsaitin xərclənməsini klubların öz ixtiyarına buraxır? Onlar da təyinatdan kənara çıxaraq, istədikləri haqsızlıqları rahat həyata keçirirlər. Əks təqdirdə, buna nə ad verək?
Peşəkar klublar uşaq futbolunun inkişafı üçün büdcələrindən lazımı qədər əlavə vəsat ayırdığı bir vaxtda ”Keşlə” uşaqların halal pulunu da digər istiqamətdə xərcləyir.
Kiçik bir xatırlama edək: uşaq futbolunda baş vermiş kiçik qayda pozuntularına görə Avropanın bir çox köklü klubları UEFA tərəfindən böyük sanksiyalara məruz qalııb.
Elə 2016-2017-ci il mövsümü ərzində «İnter», indiki ”Keşlə” etdiyi qeyri-peşəkarlığa görə sanksiyaya məruz qalmadımı? Bunlar nə tez yaddan çıxır?
Deyək ki, klub bu il müvəqqəti olaraq hər hansı maliyə çətinliyi ilə üzləşib. Nə oldu, ”İnter” öz fəaliyətini dayandırıb,
”Keşlə” adlanan gündən artıq 4-cü mövsümdür ki, uşaq futbolunda çalışan məşqçilər 12 aylıq maaşla təminatdan məhrumdur.
Özü də 2017-2018-ci il mövsümündə bu xoşagəlməz ənənənin təməli qoyulan zaman klubun büdcəsinə yaxşı mənada yalnız həsəd aparmaq olardı.
Bəs o vaxt problem nə ilə əlaqədar idi? Klubun yeni adla fəaliyyətini davam etdirməyə başladığı müddətdən 3 il keçir.
Bu arada məşqçilər heyəti, ümumi götürəndə, 6 ay maaş almayıblar. Cari mövsüm də indiki şərtlərlə başa çatarsa, bu, əlavə 3 aylıq maaşdan da məhrumiyyət deməkdir.
4 mövsüm ərzində 9 ay əməkhaqqısız qalmaq nə deməkdir? Belə durumda haqqı açıq-aşkar pozulan bir ailə başçısı olan hansı mütəxəssis iş potensialını ortaya qoya bilər?
Bu uşaq futboluna haqsızlıq və biganəlik deyilmi? Belə çıxır ki, uşaq futboluna dırnaqarası qayğı məcburiyyətdən irəli gəlir.
«Çobanın könlü istəsə..» məsəli var. Klub istəsə, bir legioner futbolçusunun şişirdilmiş müqavilə qiymətini ümumı uşaq fubolunun illik büdcəsindən qat-qat artıq etməyərək, problemə çarə tapa bilər.
Biləndə ki həmin əcnəbinin Azərbaycan futboluna heç bir xeyri yoxdur, onda şübhələr daha da artır.
Zənnimizcə, bu faktlar öz-özlüyündə çox şeydən xəbər verir. Belədə digər faktlara müraciət etməyə ehtiyac qalmır.
Hətta deyərdik ki, akademiyanın ümumi heyətinin maaş büdcəsinin azaldılmasında ayrı-seçkiliyə gedilərək, haqsızlıq etsələr belə, şübhələnmərik.
Keçən il pandemiya dövründə dövlətin məşqçilərin hesabına köçürdüyü yardımı belə ünvanına çatdırmayan akademiya rəsmilərindən hər şey gözləmək olar.
Futbolumuzun inkişafı üçün televiziya kanallarına da müraciətimiz var. Bu verlişlərdə biz əksər hallarda uzun-uzadı futbolumuzun durumunu müzakirə edirik, təhlillər aparırıq, araşdırırıq.
Sız deyin. yuxarıda qeyd etdiyimiz bu kimi problemlər öz həllini tapmasa, futbolumuz necə inkişaf edə bilər?
Gəlin, birinci öz mütəxəssislərimizi dəyərləndirək, onlara düzgün qiymət verək və əsası, onların haqlarını qoruyaq! Çünki gələcəyimizi təmin edəcək futbolçuları yetişdirməyin birinci yolu onları yetişdirəcək məşqçilərin şəraitindən keçir.
Daha çıxıb televiziyada Avropa turnirlərində mübarizə aparan Azərbaycan klublarının, başda «Neftçi», «Sumqayıt», «Keşlə» olmaqla, uğursuzluğunu («Qarabağ» həmişəki kimi istisnadır), yaxud millinin yarıtmaz oyununu təhlil edib, bəlli olan səbəbləri axtarmayaq.
SPORTİNO.AZ

