“Erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq”

7 İyul 2021 13:10 Problem 660
“Erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq”

Sportinfo.az xəbər verir ki, dünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdam rayonunun Əliağalı kəndi istiqamətində atəş açılması nəticəsində hərbi qulluqçumuz Sakit Dadaşovun yaralanması Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni şərh edərək bildirib ki, Qarabağda – Ağdam istiqamətində azərbaycanlı hərbçiyə atəş açılması deməkdir ki, müharibədə məğlubiyyət erməni separatçılarına dərs olmayıb və onlar cinayətlərinə davam etməyə hazırdılar:

“Bu o deməkdir ki, bölgədəki rusiyalı hərbçilər nə erməni separatçılarını tərksilah edəcəklər, nə də onların cinayətlərinə mane olacaqlar.

Bu o deməkdir ki, Qarabağda yenidənqurma və inşaat işlərində çalışanlar üçün də təhlükə var. Bu o deməkdir ki, gələcəkdə Qarabağa köçürüləcək soydaşlarımızı təhlükə gözləyir.

1980-ci illərin ortalarında da erməni separatizmi oxşar ssenari ilə başlamışdı, ermənilər Xankəndidəki SSRİ hərbi bazalarından əldə etdikləri silahlar hesabına kəndlərimizə hücumlar təşkil etdilər və daha sonra işğalı həyata keçirdilər”.

E.Şahinoğlu qeyd edib ki, bütün bunların qarşısının alınmasının yeganə yolu Qarabağdakı erməni separatçılarının tamamən tərksilah olunmasından keçir:

“Ermənistanla sərhəddə insidentlər tez-tez baş verir, bu təxribatlara alışqanıq və qarşısını alırıq. Ancaq bu dəfə atəşkəs Azərbaycanın içərisində pozulub və bu bizim üçün daha mürəkkəb vəziyyətdir. Çünki atəş açılan əraziyə nəzarət etmirik.

Rusiya hərbçiləri artıq 7 aydan çoxdur ki, Qarabağdadırlar və onların erməni separatçılarını tərksilah etmək planları yoxdur, çünki Moskvadan müvafiq təlimat almayıblar.

Belə bir təlimatın gələcəkdə olacağı şübhə doğurur. Demək, özümüz erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq, başqa alternativimiz yoxdur.

Belə görünür ki, Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzindən də nəticə gözləyə bilmərik. Bu mərkəz sadəcə, Cənubi Qafqazda Rusiya ilə Türkiyə əməkdaşlığının modelidir.

Ancaq bizə bu azdır. Azərbaycan cəmiyyəti nəticə gözləyir. Müharibədə ona görə qələbə çalmadıq ki, erməni separatçıları silahlarını yenə də bizə tuşlasınlar”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!