Bilindiyi kimi, millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko işindən ayrılıb.
O, bunu Rusiyanın "Sport24.ru" saytına açıqlamasında deyib.
Moskva SSKA-sında da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini və bundan sonra yalnız klubda işləyəcəyini bildirib:
"Ötən gün bu məsələ ilə bağlı qərar verdim. Artıq yalnız SSKA-da çalışacam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəm.
SSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidir.
Milli komanda mənim üçün əziz olaraq qalır. Mən Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram.
Yəqin ki, bu, doğru qərardır. Baxmayaraq ki, klubda da çox sayda səyahət və məşqlər var, indi ailəmlə daha çox vaxt keçirirəm".
Dmitri Kramarenko bu ilin yanvarından SSKA-da işləyir. 2020-ci ildən yığmamızın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.
Onun yığmadan gözlənilən gedişi həm Canni De Byazi, həm də AFFA ilə əlaqədardır. İtalyan çalışdırıcı yardımçısının iki yerdə fəaliyyət göstərməsinə narazılıq edib və bunu mayda keçirilən təlim-məşq toplanışı zamanı açıq şəkildə dilə gətirib.
Belə ki, Kramarenko hazırlıq prosesinə son anda qoşulmuş, düşərgəyə gələn gündən özünə qarşı soyuq münasibət görmüşdür.
Üstəlik, AFFA onun qapıçı məşqçiləri üçün təşkil etdiyi kateqoriya artımı kurslarında iştirakına şərait yaratmayıb.
Bununla bağlı dəfələrlə etdiyi müraciət qulaqardına vurulub. Dimanın hər iki tərəfdən incikliyi bununla özünün pik həddinə çatıb və getməyi qərara alıb.
SPORTİNFO.AZ

