Gəncədə Gənclər Evinin qarşısında başlayan tikinti işləri Heydər Əliyev parkındakı idman qurğularını yararsız hala salıb.
Bu barədə sosial şəbəkədə paylaşım edilib.
Sportinfo.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı Gəncə şəhər Gənclər və İdman İdarəsi ilə əlaqə saxlayıb.
Həmin qurumun rəisi Həmid Nəsirov saytımıza açıqlamasında bildirib ki, hazırda gedən tikinti işləri orada gedən mini meydança ilə bağlıdır:
“Hazırda həmin ərazidə mini meydança salınır. Bunu başqa bir qurum saldırır. Bizə aidiyyəti yoxdur. Amma bu idman qurğuları parkın digər ərazisinə köçürüləcək.
Digər hissədə salınmış idman qurğuları da qalmaqdadır. Şəhər sakinləri istədikləri vaxt həmin idman qurğularından rahat şəkildə istifadə edə bilərlər”.
Bu idman qurğuları Gəncənin Avropanın idman şəhəri və Avropanın idman paytaxtı elan edilməsindən sonra – 2019-cu ildə salınıb.

