Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı çox mühüm bəyanatlar verib, növbəti dəfə Ermənistana xəbərdarlıq edərək, həm də xilas yolunu göstərib.
Dövlətimizin başçısı 44 günlük müharibədən, düşmənin aldığı sarsıdıcı zərbələrdən bəhs edərkən qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərindən, 2018-ci ilin Günnüt əməliyyatından nəticə çıxartmayan Ermənistan üçün İkinci Qarabağ müharibəsi dərs olmalıdır.
“Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi”, - Prezident qeyd edib. Ölkə rəhbəri bildirib ki, bəzi məsələlər Ermənistandan asılıdır.
Sitat: “Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından”.
Ali Baş Komandan böyük humanizm nümayiş etdirməklə yanaşı, düşmənin cinayətlərinin də unudulmayacağını bəyan edib: “Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular... İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq”.

Prezident Əliyev Ermənistanda vaxtaşırı epizodik da olsa, baş qaldıran revanşist meyllərə də sərrast dillə kəskin reaksiya verərək xəbərdarlıq edib.
Sitat: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.
Nəhayət, dövlətimizin başçısının rəsmi İrəvan üçün xilas yolu xəritəsi: “Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.
Beləliklə, müzəffər ordumuzun Ali Baş Komandanı məğlub işğalçıya növbəti şans verir, ağlını başına yığıb, normal dövlət olaraq yaşaması üçün yol göstərib növbəti dəfə. Ermənilər Qarabağla bağlı sərsəm iddiaları və düşmənçiliyi unutsalar, onlara qurtuluş yolu görünəcək.
Qeyd edək ki, İlham Əliyev bu kimi bəyanatları hətta müharibənin getdiyi vaxtlarda da səsləndirib, əks-hücum əməliyyatlarının dayandırılması üçün açıqladığı şərtlər hər kəsin yadındadır. Həmçinin ötən ilin dekabrında xalqa tele-müraciətində də Prezident Ermənistana qurtuluş yolu göstərmişdi. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşada, ardınca da Milli Məclisdəki çıxışında Ermənistana eyni məzmunda müraciət etmişdi. Beləcə, Azərbaycan və onun əsas müttəfiqi olan Türkiyə prezidentləri Ermənistana sülh və nicat yolu təklif edirlər. Bəs bu çağırışlara, bu xoş niyyətə qarşı tərəfin mövqeyi necə olacaq? Bu çağırışlara Paşinyan hansı formada qarşılıq verəcək?
Bu yerdə xatırladaq ki, iyunun 27-də Ermənistanın dağılmış ordusu növbəti təxribatlara əl atıb. Gecə saat 03.00 radələrində Kəlbəcərdəki mövqelərimiz, həmin gün saat 20:40 radələrində isə Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Hər iki halda itkilər olmayıb. Ancaq Ermənistanın növbəti dəfə gərginliyi tətikləməsi, sərhədboyu təxribatlar törətməsi Azərbaycan və Türkiyə prezidentlərinin sülh və barış, xilas yolu təşəbbüslərinə ermənisayağı cavabdır.
Artıq seçkilər geridə qalıb və N.Paşinyan götürdüyü öhdəliklərə əməl etməlidir. Elə dövlətimizin başçısı da son çıxışlarında rəsmi İrəvana bunu dəfələrlə xatırladıb.

Deputat Ceyhun Məmmədov musavat.com-a açıqlamasında dedi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Ermənistanın yalnız bir yolu var: “Bu yol da revanşist bəyanatlara son qoymaq və bölgə ölkələri ilə əməkdaşlıq etməkdən ibarətdir. 30 ilə yaxın müddətdə aparılan yanlış siyasət bu ölkəni tam məhvə məhkum etdi. Ölkə bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qaldı, iqtisadiyyatı çökdü, ordusu darmadağın oldu. Əgər zamanında Ermənistan baş naziri İlham Əliyevin ona edilən çağırışlarına qulaq assaydı, indi bu qədər ağır duruma düşməz, iqtisadi tənəzzül yaşamazdı. Bu gün Ermənistana yenidən bir şans verilir. Ya şansdan istifadə edib ağır durumdan çıxacaq, ya da inadkarlıq göstərib daha ağır fəlakətlərə düçar olacaq. Onsuz da proseslər Ermənistanın iradəsindən kənarda gedir. Ölkə başçısının da dediyi kimi, əslində Ermənistan bu layihələrə qoşulmaq üçün region ölkələrinə xahiş etməlidir. Ermənistan bir az da gec anlasa, inadkarlıq göstərsə, bu şans da əldən çıxacaq. Ermənistan tərəfi anlamalıdır ki, əgər revanşist bəyanatlara davam etsə, eyni səhvləri təkrarlasa, qarşısında yenidən dəmir yumruğu görəcək. O halda Ermənistan adlı dövlətin varlığı ilə yoxluğu sual altında qalacaq. Nə qədər gec deyil, Ermənistan doğru seçimini etməli, havadarlarına arxayın olmamalıdır. Dəmir yumruq hər zaman hazırdır”.
C.Məmmədov qeyd etdi ki, son günlər Tovuz və Kəlbəcərdə baş verənləri daha çox Ermənistandakı revanşist qüvvələrin təxribat cəhdi kimi qiymətləndirir: “Orduda hələ də Köçəryan və Sərkisyanın qalıqları qalmaqdadır. Görünür Paşinyan orduya tam nəzarət edə bilmir. Digər məqsəd region ölkələrinin və beynəlxalq güclərin prosesə cəlbi ola bilər. Ermənistan bununla nəyəsə nail ola bilməyəcəyini anlamalıdır. Ortada konkret Şuşa Bəyannaməsi var. Hesab edirəm ki, Paşinyan indi daha çox bölgədə sülhün təmin olunmasına çalışmalıdır. Əvvəl də bu kimi uğursuz cəhdlər olub və qarşısı çox qətiyyətlə alınıb. Əgər Ermənistan odla oynamağa davam etsə, bu dəfə onu Azərbaycan və Türkiyənin əlindən heç kim xilas edə bilməyəcək. Ermənistan iqtidarı və müxalifəti itirilmiş reallıq hisslərini bərpa etməlidir”.

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı isə bildirdi ki, Azərbaycan məğlub etdiyi ölkəni tamamilə əzmək məqsədindən uzaq olduğunu dəfələrlə dilə gətirib: “Dövlətlərimizin, yəni Türkiyə ilə Azərbaycanın Ermənistan siyasəti ortadadır: Ermənistan torpaq iddialarından, indiyədək aparılan ideolojidən vaz keçməlidir! Ermənistanda bizim bu mövqeyimiz hər kəsə bəllidir və müzakirə olunmaqdadır. Amma bu cəmiyyət o qədər şovinistləşib ki, həmin düşmənçilik siyasətini dəyişdirmək çətin olacaq. Bəlkə də müəyyən vaxt lazım olacaq”.
Q.Çaxmaqlının sözlərinə görə, Paşinyan seçkidə qələbə qazansa da, belə həssas məsələlərə hələ ki, risk edib qərar vermək gücündə deyil: “Əlbəttə, onun komandası mütləq qaçılmaz olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq xəttinə gələcək. Çünki bu ölkənin başqa alternativi yoxdur. Rəsmi Bakı məsələni kəskin şəkildə qoyub: Azərbaycan ermənilərinə heç bir ayrıseçkilik edilməyəcək”.
Politoloq qeyd etdi ki, qarşıdakı dönəmdə sərhədlərin müəyyənləşməsi prosesi aparılmalıdır: “Həmçinin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişə imza atmalıdır. Paşinyanın izləyəcəyi siyasət bu olmasa, ölkə fəlakətdən qurtara bilməz. Ermənistanı seçim qarşısında qoymalıyıq. Elə Prezident İlham Əliyevin son çıxışı da bu idi... Ermənistan üçün əslində bir şansdır. Yeni məğlubiyyət istəmirlərsə, verilən bu şansı dəyərləndirmək məcburiyyətundədirlər”.
Beləliklə, ekspertlərimiz də Azərbaycan liderinin səsləndirdiyi “yol xəritəsi”ni Ermənistan üçün yeganə çıxış yolu hesab edirlər. İndi seçim rəsmi İrəvanındır, bu yolu məqbul saymasalar, günahı özlərində axtarsınlar və növbəti vay-şivənlə beynəlxalq aləmin zəhləsini tökməsinlər...

