Premyer Liqa bu tarixdə bərpa olunacaq – SON XƏBƏR

30 May 2020 10:10 Premyerliqa 1 504
Premyer Liqa bu tarixdə bərpa olunacaq – SON XƏBƏR

İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən yaydığı açıqlamaya görə, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində müəyyənləşdirilib.

Sabah isə AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.

Sportinfo.az-ın məlumatına görə, elita təmsilçiləri gələn ayın ilk günündən etibarən məşqlərə başlayacaq. Artıq AFFA-dan onlara belə bir şifahi təlimat gəlib. Premyer Liqanın bərpa tarixi olaraq iyunun 21-i seçilib.

Yəni, martın 14-dən çalışmalarını dayandıran komandaların hazırlıq üçün cəmi 20 gün vaxtı olacaq.

Çempitonatın son 8 turunun, həmçinin ölkə kubokunun yarımfinal və final oyunlarının başa çatdırılması üçün 1 ay nəzərdə tutulub. Federasiya mövsümü iyulun 25-28-i aralığında qapatmağı planlaşdırır.

Xəbər Lenti