COP29

Qurban Qurbanovla Murad Musayev bir-birlərinə... XÜSUSİ DİQQƏT!

24 Noyabr 2023 19:00 Premyerliqa 580
Qurban Qurbanovla Murad Musayev bir-birlərinə... XÜSUSİ DİQQƏT!

Ötən mövsümdən ölkə futbolunda yeni dəb müəyyənləşdi.

“Qarabağ”la “Sabah” arasındakı oyunlar ictimaiyyətin ciddi marağına səbəb olmaqla çempionatın bəzəyinə çevrildi.

Və bu gün adları çəkilən komandalar Premyer Liqanın 14-cü turu çərçivəsində “Bank Respublika Arena”da üz-üzə gələcək.

Ötən mövsüm bu kollektivlər arasında baş tutan oyunlar böyük marağa səbəb olurdu. “Tələbələr”in əvvəlki illərdən fərqli xoş təsir bağışlaması və qələbələri sıralaması ağdamlılar üçün ciddi təhlükə saçırdı.

Komandaların öz aralarındakı oyunların nəticələrinə əsasən çempionluğun “Qarabağ”la “Sabah” arasında gedəcəyi heç kimə sirr deyildi.

Keçirilən 4 oyundan 2-si heç-heçə baş çatmışdısa, digər 2 matçda komandalar hərəyə bir qələbəyə sevinmişdi. İstənilən halda Masazır təmsilçisi “köhlən atlar” üçün arzuolunmaz rəqibə çevrilmişdi.

İndiki vəziyyət xeyli fərqlidir. “Sabah” yayda avrokuboklarda səfərdə “Partizan”a gözlənilməz məğlubiyyət alan gündən bu yana özünə bənzəmir.

Təbii, bu məqamda iki vacib fiqur - Aleksey Kaşukla Coy-Lens Mikelsin kollektivi tərk etməsinin yaratdığı çətinliyi də qeyd etməliyik.

“Tələbələr”in cari mövsümdə ardıcıl 2 qələbə qazana bilməməsi, 13 oyundan 16 xal toplamaqla 7-cı pillədə yer alması futbol ictimaiyyətini dərindən düşünməyə vadar edir.

Yenilənmiş komandanın ötən günlərindən uzaq düşməsi heç kimə sirr deyil.

“Qarabağ” isə sözün əsl mənasında yüksəliş yaşayır. Kiçik detallara varmağa gərək yoxdur, təkcə “Bayer” kimi güclü rəqiblə Bakıdakı qarşılaşmadakı komandanı göz önünə gətirmək bəs edir.

Qurban Qurbanovun komandasının sərgilədiyi futbol, eləcə də məhsuldarlıq göz oxşayır.

“Sabah”la “Qarabağ” arasında çempionatın ilk yarısında baş tutan dueldə ağdamlıların 2:0 hesabı ilə rahat qələbə qazanması aradakı fərqi çılpaqlığı ilə ortaya qoymuşdu.

Keçmişdə yaşananlara və bu gün baş verənlərə baxmayaraq, axşamkı oyunun baxımlılığı və drammatikliyi ilə yaddaşlarda qalacağına ümid edək.

Bir-birinə hədsiz simpatiya bəsləyən Qurban Qurbanovla Murad Musayevin taktiki savaşı qarşılaşmaya əlavə rəng qatacaq.

Necə deyərlər, güclü olan qazansın!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"