Yenilənən "Kəpəz" "köhnə qvardiya"ya qarşı - Sonda gülən kim olacaq?

24 Yanvar 2023 11:40 Premyerliqa 604
Yenilənən "Kəpəz" "köhnə qvardiya"ya qarşı - Sonda gülən kim olacaq?

Azərbaycan Premyer Liqasında 1 aylıq qış fasiləsi bu gün başa çatır.

Yeni ilin açılış turu Gəncədə olacaq. Burada "Kəpəz" "Qəbələ"ni qəbul edəcək.

Fərqli hədəflər

Meydan sahibləri sonuncu pillənin həndəvərindədir. Komandanı 12-ci pillədə qərarlaşan "Səbail"dən cəmi 2 xal ayırır. Bir sözlə, təhlükə qapının ağzındadır. Qurtulmaq üçün ən pis halda məğlub olmaq olmaz.

Hər iki cəbhədə mübarizə aparan qonaqların yeganə hədəfi avrokubokalar getməkdir. "Qəbələ" cəbhəsi işini ehtiyatlı tutmaq üçün ilk dördlük uğurunda mübarizəsini sona kimi aparmalıdır. Bu yolda isə autsayderlə oyunda xal itkisi bağışlanmazdı.

Dəyişən "Kəpəz"

Tərlan Əhmədov qış fasiləsində tam olmasa da, komandanı böyük ölçüdə yeniləyə bildi.

Abdulla Rzayev, İdris İnqilablı, Salif Sisse, Martins Junior, Elgün Bayramov, Mario Mustapiçlə anlaşan bölgə klubu Peyman Keşavarzi, Əli Səmədov, Zahid Mərdanov, Rauf Əliyev, Əfran İsmayılov və Mixeil Ergemlidze ilə yolları ayırdı.

Yenilənmiş "Kəpəz" "sirli qutu" kimidir. Bu məqam Elmar Baxşıyevin yetirmələri üçün sabah ən təhlükəli məqam hesab oluna bilər. Düzdü, yoxlama oyunlarına görə qiymətləndirmək olar. Amma rəsmi oyunun ciddiyəti, çəkisi bir başqadır.

Köhnə qvradiya

"Qırmızı qaralar" isə rəqibindən fərqli olaraq heyətdə heç bir dəyişikliyə getmədi. Məcburiyyətdən heç kimi transfer edə bilməyən bölgə klubu, yalnız heyəti qoruyub-saxlamağı ilə öyünə bilər.

Ancaq uzunmüddətli zədədən sonra sıralara dönən Akakponun varlığını da unutmaq olmaz. Formaya düşsə, ciddi fərq yaradacaq istedada sahibdir.

Bütün bunlar ehtiamallarımızdır, hər şeyin necə olacağını isə Elçin Məsiyevin final fitindən sonra dəqiq biləcəyik.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Xəbər Lenti