Dövlət qəzeti: Bu gün milyonların qəlbi "Qarabağ" ilə döyünəcək

25 Noyabr 2021 13:20 Premyerliqa 553
Dövlət qəzeti: Bu gün milyonların qəlbi "Qarabağ" ilə döyünəcək

Bu gün diqqətlər yenə Tofiq Bəhramov adına Respublika Stadionuna yönələcək.

Konfrans Liqasında “H” qrupunun hazırkı lideri “Qarabağ” evdə Kipr təmsilçisi “Omoniya”nı qəbul edəcək.

Tribunalarda anşlaq olacaq, ekran qarşısında milyonların qəlbi “Qarabağ”la döyünəcək.

Bugünkü tarix həm də onunla əlamətdardır ki, 2020-ci ilin 25 noyabrında Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən Ermənistanı kapitulyasiyaya məcbur etməklə Kəlbəcəri işğaldan azad edib. Bu da Qurban Qurbanovun komandasının Zəfərə daha bir zəfər əlavə etməsi üçün motivasiya yarada bilər.

Pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edən komandamız “Omoniya” ilə matçda avrokubokların əsas mərhələsində 10-cu qələbəsini qazanmaq şansına malikdir.

Belə ki, təmsilçimiz indiyədək qrup mərhələlərində 9 dəfə qalib gəlib. Ağdamlılar qitəmiqyaslı turnirlərdə təsnifat mərhələləri nəzərə alınmadan qələbə qazanan yeganə Azərbaycan klubudur.

“Qarabağ” Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 8-ci dəfə qrupda mübarizə aparır. Əvvəlki 46 görüşdə təmsilçimiz 9 dəfə üç xala sevinib. Bu görüşdəki məhsuldarlıq da uğurlar vəd edir. “Qarabağ” 2 qol vursa, qrup mərhələlərində 40-cı dəfə fərqlənəcək. Böyükhesablı qələbəyə nail olacağı halda isə ümumi qol sayında 150-yə çatacaq. Hazırda ağdamlıların hesabında 38-i qrupda olmaqla 146 avrokubok qolu var.

Çox güman ki, 4-3-3 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən Ağdam klubu müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə daha çox diqqətli olmalıdır.

Qrupda “Omoniya” ilə səfərdə keçirilən matçda birinci hissənin yarıdan çoxunu təzyiq altında olan meydan sahibləri arabir əks-hücumlara atılsa da, futbolçularımız onlara təhlükəli epizod yaratmağa imkan vermirdi və üstünlük “Qarabağ”da qalırdı.

Bu oyun planını doğma meydan amilini də nəzərə alaraq ilk yarım saat ərzində tətbiq edərək daha erkən qol vurmaq lazımdır ki, qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı yaransın.

Bunun öhdəsindən gəlmək üçün isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır.

Əvvəlki qarşılaşmalardan gördüklərimizi təhlil edərək belə qənaətə gəlmək olar ki, qonaqlar topu Ağdam təmsilçisinə verərək daha çox qaçmağa çalışacaqlar.

“Qarabağ” isə müdafiə xəttini daha çox meydançanın mərkəzinə çəkərək rəqibə boş zona yaratmamağa çalışmalıdır.

Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə biləcək. Abdulla Zubirin isə tez-tez cinahları dəyişməsi “Omoniya”nın müdafiə xəttində balansın pozulmasına səbəb ola bilər.

Müdafiənin mərkəzində daha sayıq görünən Kipr təmsilçisi cinahlarda heç də uğurlu deyil. Çünki matçın müəyyən hissələrində bəzən sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırlar.

Belə ki, hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan “Omoniya”nı komandamız səbirli, həyəcana yol vermədən məğlub edib qrup liderliyini davam etdirərək daha bir zəfərə imza ata bilər.

Qrupun digər matçı isə Qazaxıstanda keçiriləcək. “Kayrat” İsveçrə “Bazel”ini qəbul edəcək.

Vurduğun qol olsun, “Qarabağ”! (“Azərbaycan”)

Elçin CƏFƏROV

Digər Xəbərlər
Xəbər Lenti