Əlləri yana sallamaq olmaz, necə başlamısız, elə də bitirin

16 May 2021 19:00 Premyerliqa 662
Əlləri yana sallamaq olmaz, necə başlamısız, elə də bitirin

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 27-ci turunun "Qəbələ" - "Sabah” (2:2) və "Sumqayıt" - "Neftçi" (0:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Qəbələ" - "Sabah"
Beşinci yer uğrunda iki ən real namizədlər üz-üzə gəlirdi. Məğlubiyyət tərəflərdən birini həmin pillədən uzaq salacaqdı. Oyun televiziyada verilməsə də, Sportinfo.az vasitəslə baxa bildim.

"Sabah"ın oyunu xoş sözlərə layiqdir, ürəkaçandır. "Qəbələ" hesabda 0-2 geri düşəndən sonra sanki yuxudan ayıldı. Edilən əvəzetmələr öz təsdiqini tapdı.

3 dəqiqədə vurulan 2 qolla hesab bərabərləşdi. Bu, "Sabah" adına yaxşı hal ola bilməz. Düzdür, mövsümün sonuna 2 tur qalıb və bu komandaların heç bir medal şansı yoxdur.

Bu baxımdan, futbolçuları motivasiya eləmək çətindir. Amma məşqçilərin də işi elə bundan ibarətdir.

Əlləri yana sallamaq olmaz. Mövsümə hansı notlarda başlanıbsa, elə də sona çatdırmaq lazımdır. "Sabah" daha istəkli idi, amma ümumilikdə "Qəbələ" xarakter göstərərək, xal qazana bildi.

Ötən dəfə də demişdim ki, bu kollektiv lazım olanda oynamağı bacarır. Hər iki komanda xoş sözlərə layiq futbol oynadı.

Hakimlərin elə bir ciddi səhvi olmadı. Həm hakimlərə, həm də komandalar gələcək oyunlarda uğurlar arzulayıram.

"Sumqayıt" - "Neftçi"
Maraqla gözlənilən oyun idi. Burada ilk 4 yerin müqəddaratı həll ola bilərdi. "Sumqayıt"ın daha istəkli olacağını gözləyirdim.

Çünki "Neftçi" xal itirsə belə, avrokuboklara gedişini təsdiqləyib, amma "Sumqayıt" üçün bu, belə deyil.

Buna baxmayaraq, "Neftçi" də pis təsir bağışlamadı, standart vəziyyətlərdə daha üstün idi. Hündürboy oyunçulara sahibdirlər.

Bunun da nəticəsi olaraq, ilk hissənin sonuna yaxın başla vurulan qolla hesab açıldı. Bundan sonra hesabın qorunması, məncə, "Neftçi" üçün o qədər də problem kəsb eləməyəcəkdi.

Qızıl medal uğurunda mübarizə son tura qaldı. Ümumilikdə, "Neftçi" haqlı olduğu qələbəni qazandı. Qızıl medal uğurunda "Neftçi"yə, bürünc uğrunda isə "Sumqayıt"a uğurlar arzu edirəm.

Hakimlər də oyunu yaxşı idarə elədilər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!