"Azərbaycan millisində oynamaq üçün pul və başqa heç nə almamışam"

25 May 16:28 Neftçi 279
"Azərbaycan millisində oynamaq üçün pul və başqa heç nə almamışam"

Sportinfo.az xəbər verir ki, həmkarımız Anar İbrahimovun “yutub”dakı “İbrakadabra” kanalının növbəti qonağı “Neftçi”nin kapitanı Emin Mahmudov olub.

Aparıcı qonağını publikaya belə tanıdıb: 10 penaltinin hamısını qola çevirən, Rusiya çempionatındakı oyununu ünlü Vasili Utkinin şərh etdiyi, 15 yaşında ABŞ-da olarkən Koutinyo ilə şəkil çəkdirən oğlan...

Anarın yarımsaatlıq proqramı çox maraqlı formatda keçib. Emin gah öz qollarını teleşərhçi kimi müxtəlif dillərdə anladıb, gah da başqaları onun haqqında fikirlərini bölüşüb. Kapitanın bəzi maraqlı açıqlamalarını təqdim edirik.

* Əlbəttə, “Neftçi”nin kapitanı olmaq böyük məsuliyyətdi. Amma bu məqam məni təzyiq altında saxlamır. Oyunçular, onların adından rəhbərlik, məşqçilər ilə çox danışmaq, nəyisə xahiş etmək, hansısa şərtləri dəyişmək lazım gəlir. Meydanda isə hər şey əvvəlki kimidi.

* Rus dilində düşünürəm. Amma azərbaycanlılarla danışanda bu dildə də düşünə bilirəm. Portuqaliyaya gedəndə bəxtim gətirdi ki, ingilis dilində yaxşı danışa bilmirdim, yerli dili öyrənməliydim. İki ay mənim üçün mənzil axtardılar, o müddətdə braziliyalı komanda yoldaşımla birgə otelləri gəzirdik. Həmin vaxt portuqal dilini öyrəndim.

* Rusiyada ən sevimli klubum "Saturn"du. İkincisi oynamasam belə, "Spartak", üçüncü "Krılya Sovetov"du. Samarada olanda tez-tez zədələnirdim. İki dəfə omba nahiyəsindəki zədəyə, daha sonra ayağım sındığına görə uzun müddət oynaya bilmədim. Orda keçirdiyim 2,5 ilin 1,5 ilini müalicə olundum. Sevimli klubların sıralamasında 4-cü yerdə "Mordoviya", 5-ci yerdə "Tom" dayanır. "Mordoviya"da çıxış edərkən istənilən futbolçunun harda, hansı klubda oynadığını bilirdim. Buna görə mənə "yandeks" ləqəbi qoymuşdular.

* "Spartak"da, demək olar, şam yeməklərini buraxırdım. Həmin vaxt 15-16 yaşım var idi. Çəkim artmasın deyə şam etmirdim. "Barselona" ilə Moskvada keçirilən oyunun fasiləsində Xavi Ernandes mənim zərbəmdən sonra şoka düşmüşdü. Açığı, elə özüm də şokda idim. Kriştiano Ronaldo həmin zərbəni görsəydi, bəlkə də mənim üçün təyyarə göndərərdi ki, necə qol vurmaq lazım olduğunu ona da öyrədim. Çılğın qol idi. Xavinin mənə baxdığını görəndə növbəti dəfə şoka düşdüm. Mənə əli ilə "əla" işarəsi göstərmişdi. Tarixi hadisə idi.

* Uşaq vaxtı top daşıyarkən futbolçularla şəkil çəkdirirdim. "Barselona"dan Aleks Sonqla formamı dəyişmək istəyirdim. Sonra o, "Rubin"ə keçdi. Dəyişsəydim, gərək sonra həmin formanı atardım (gülür). Həmçinin Fabreqasla formamı dəyişmək istərdim. Amma alınmadı".

* Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməsi haqda yayılan söz-söhbət yalandı. Heç nə almamışam. Mənimlə həmin vaxt Riad Rəfiyev danışmışdı. Onun agentliyi var, eyni zamanda Azərbaycan millisinin meneceri idi. Hazırda isə "Sumqayıt"ın prezidentidi. Ona demişdim ki, Avropada mənə klub tapsan, Azərbaycan millisində çıxış edərəm. Buna görə pul və ya başqa heç nə almamışam.

* Əvvəl Rusiya ilə Azərbaycan oynayanda ikincilərə azarkeşlik edirdim. İndi də vəziyyət dəyişməyib, Azərbaycana azarkeşlik edirəm. Sadəcə, Azərbaycan pasportunu seçsən, Rusiya premyer-liqasında oynamağın çətinləşəcək, legioner sayılacaqsan. Problem budu. Limit olmasaydı, Azərbaycan yığmasının üzvü kimi Rusiya çempionatında oynayacaqdım.

"Saturn"un yetirməsi olan Emin Mahmudov "Spartak", "Tom", "Krılya Sovetov", "Mordoviya" və Portuqaliyada "Boavişta"nın formasını geyib. 2017-ci ilin yayından "Neftçi"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 19:20 "Barselona"da qalacaq
27 Sentyabr 12:40 Nazir: "Biz istəyirik ki…"