"Tez-tez zəng edib deyirdi ki, səni komandamda görmək istəyirəm"

9 May 2020 21:00 Neftçi 1 212
"Tez-tez zəng edib deyirdi ki, səni komandamda görmək istəyirəm"

"Neftçi"nin keçmiş baş məşqçisi Vəli Qasımov Sportinfo.az-a müsahibə verib

- Koronavirus pandemiyasına görə uzun müddətdir futbol həyatı dayanıb. Bir futbol adamı kimi belə günləri necə keçirirsiniz?

- Hamı kimi mən də evdə oluram. Mağazaya görə və ya vacib bir işim olanda evdən çıxıram. Evdə arada idman hərəkətləri edirəm. Amma belə yaşamaq çox çətindir. Birtəhər yola veririk.

- Hazırda avropada davam edən tək çempionat Belarusiya çempionatıdır. Əksər futbol adamları məcburiyyətdən ordakı oyunlara baxır. Bəs siz necə?

- Çox baxmamışam, amma belə izləyirəm. Səhv etmirəmsə elə dünən baxırdım.

- Koronavirus pandemiyasına görə yaranmış uzunmüddətli fasilə futbolçulara necə təsir edəcək?

- Hər şey tez bir zamanda düzələn deyil. Müəyyən vaxta ehtiyac var. Peşəkar futbolçulara forma yığmaq üçün minimum 3 həftə vaxt lazımdır. Hər bir halda bəzi futbolçuları tanımaq olmayacaq. Belə fasilə futbola çox ziyan edəcək. Hər nə qədər ev şəraitində məşq etsələr də. Futbolçular çox əziyyət çəkir.

- Bu gün 9 may qələbə günü ilə bərabər, həm də ölkə futbolu üçün önəmli gündür. Məhz bu gün ötənlərin məşhur futbolçusu Ələkbər Məmmədovun dünyaya gəlməsinin 90 ili tamam olur. Onunla bağlı hansı xatirələriniz var?

- Allah Ələkbər Məmmədova rəhmət eləsin! Onunla bağlı yalnız yaxşı xatirələrim var. Azərbaycan tarixinin ən yaxşı futbolçularından biri idi. Tək ölkəmizdə yox, ölkə xaricində də yaxşı mənada iz qoyan birisi olub. Hər zaman onunla fəxr etmişəm. Getdiyimiz xarici ölkələrdə onun adı yaxşı futbolçularla bərabər çəkilirdi. Məsələn, biz Banişevskinin formasın Marakana stadionuna hədiyyə edəndə hamı dəli olmuşdu. Belə şeylər adama ləzzət edir.

- Aranızda şəxsi münasibətlər necə idi?

- Çox yaxın idim. Tez-tez görüşümüz olurdu. Bəzi dostlarla oturub söhbətləşirdik. İnsan kimi çox yaxşı biriydi.

- Ələkbər Məmmədov millimizdə baş məşqçi kimi çalışanda da yollarınız kəsişib. Futbolçu kimi onun tapşırıqlarını yerinə yetirmisiniz ...

- Baş məşqçiliyi haqda çox şey danışa bilmərəm. Mən özüm xaricdə çıxış edirdim. Oyunlara gələndə də 2-3 gün qalıb, oyunumuzu oynayıb qayıdırdım öz klubuma. Məşqçi kimi çox yaxından tanıya bilmədim.

- Ələkbər Məmmədovdan sonra "Dinamo"da çıxış edən növbəti azərbaycanlı siz olmusunuz. Ümumiyyətlə, "Dinamo"ya keçidinizlə bağlı onunla aranızda hansısa söhbət olmuşdumu?

- Sözün düzü, o vaxt Ələkbər müəllimi elə də yaxından tanımırdım. Gənc yaşlarım idi. Tək hədəfim böyük klublarda oynamaq idi. "Spartak"da bir qədər bəxtim gətirmədi. İlk 4 turda məni sifariş edə bilmədilər. Sonradan isə heyətə düşmək bir az ağır idi. Valeri Qazzayev məni tanıyırdı. Tez-tez zəng edib deyirdi ki, səni komandamda görmək istəyirəm. İlk vaxtlar "Spartak" məni buraxmırdı. Sonra elə alındı ki, "Dinamo"ya keçidim baş tutdu.

- "Dinamo"da 17 oyuna 16 qol vurmusunuz. Sizi Ələkbər Məmmədovun "Dinamo"da layiqli davamçısı saya bilərikmi?

- Ələkbər Məmmədovun adı "Dinamo"da hər zaman xatırlanırdı. Ondan çox danışırdılar. Orda belə bir fikir formalaşmışdı ki, azərbaycanlılar "Dinamo"da uğurlu çıxış edir. Ramil Şeydayev ora gedəndə də hamımız düşündük ki, o da bizim uğurlu çıxışımızı davam etdirəcək. Amma nəsə alınmadı.

- Sizcə, Ramildə niyə alınmadı?

- Futbolda bir az bəxt də lazımdır. Əsas da hücumçu olanda çox çətin olur. 2 oyun qol vurmasan, artıq sənə qarşı münasibət dəyişə bilər. Sonra da yerinə başqası axtarılır. Ramil, belə baxanda, pis oyunçu deyil, amma qol vura bilmədi. Bunun üçün şansları da oldu. Alınmayınca, başqa hücumçu axtarmağa başladılar.

- Ümumiyyətlə, niyə hazırda Nazim Süleymanov, Vəli Qasımov, Ələkbər Məmmədov kimi futbolçularımız yoxdur?

- Oyunçularımız gedib xaricdəki futbolu görməlidirlər. Sırf Azərbaycan çempionatında oynamaqla artırmaq olmur. 14,15,16 yaşında olan gənc futbolçular xarici klublara təcrübə üçün göndərmək lazımdır. Onda daha yaxşı inkişaf etmiş olarlar.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti