Birmənalı qarşılanmayan yenilik: “Əgər qərar qəbul olunacaqsa...”

19:40 Müsahibə 130
Birmənalı qarşılanmayan yenilik: “Əgər qərar qəbul olunacaqsa...”

Azərbaycan futbolunda U-14 liqasının formatının 11×11-dən 9×9-a dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir.

Təklif müxtəlif reaksiyalara səbəb olsa da, məsələyə yalnız emosional yanaşmaq doğru olmaz.

Dünyanın müxtəlif futbol ölkələrində uşaqların inkişafı üçün fərqli oyun formatlarından istifadə olunur və bəzi ölkələrdə bu istiqamətdə yeni modellər, pilot layihələr həyata keçirilir.

Bəs 9×9 formatının futbolçu inkişafına hansı təsirləri ola bilər? Bu formatın üstün və zəif tərəfləri nələrdir? 11×11-ə keçid hansı mərhələdə həyata keçirilməlidir?

SportInfo.az bu mövzuda “Sabah” Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Tural Lətifovla danışıb.

– Tural bəy, U-14 liqasında 11×11 əvəzinə 9×9 formatına keçidlə bağlı müxtəlif fikirlər səslənir. Siz bu dəyişiklik haqqında nə düşünürsünüz?

– Məncə, ilk növbədə məsələyə emosional yox, inkişaf baxımından yanaşmaq lazımdır. 9×9 formatının özündə kifayət qədər ciddi üstünlüklər var. Daha kiçik meydançada oyunçu daha çox oyunun içində olur, topa daha çox toxunur, daha çox 1v1 vəziyyətinə düşür, ötürmə və topqəbul epizodlarında daha çox iştirak edir. Eyni zamanda sürətlənmə, istiqamət dəyişməsi, yavaşlama və qərarvermə kimi hərəkətlər daha tez-tez baş verə bilər. Bu baxımdan 9×9 aşağı yaş futbolunda oyunçunun texniki və qərarvermə bacarıqlarının inkişafı üçün maraqlı vasitədir.

– Yəni siz 9×9 formatını dəstəkləyirsiniz?

– Mən “9×9 yaxşıdır, 11×11 pisdir” yanaşmasını düzgün hesab etmirəm. Hər iki formatın öz məqsədi var. Əsas məsələ hansı yaşda, hansı meydança ölçüsündə, hansı qaydalarla və hansı müddət ərzində tətbiq edilməsidir. 11×11 də futbolçunun inkişafında çox vacibdir. Böyük meydança oyunçuya məkanın idarə olunmasını, mövqelərarası məsafələri, komanda strukturunu, genişlik və dərinlikdən istifadəni, daha uzun məsafələrdə qaçışları və daha böyük sahədə taktiki davranışları öyrədir. Ona görə mənim üçün məsələ 9×9-u 11×11-ə alternativ kimi təqdim etmək deyil. Sual budur: hansı inkişaf mərhələsində hansı format futbolçuya daha çox fayda verir?

– 9×9-un fiziki hazırlıq baxımından üstünlükləri nələrdir?

– Kiçik meydançada sürətlənmə, yavaşlama, istiqamət dəyişməsi və yüksək intensivlikli hərəkətlərin tezliyi arta bilər. Oyunçu daha sıx mühitdə daha tez reaksiya verməli və daha tez qərar qəbul etməlidir. Amma “9×9 fiziki baxımdan 11×11-dən daha ağırdır” demək düzgün olmaz. Sadəcə yükün xarakteri dəyişir. 11×11-də isə daha böyük məsafələr, yüksək sürətə çıxışlar və böyük sahənin idarə olunması kimi başqa fiziki tələblər var. Bunu obyektiv qiymətləndirmək üçün GPS, video analiz və digər performans göstəricilərindən istifadə etmək lazımdır.

– Bəs 9×9-un əsas mənfi tərəfi nə ola bilər?

– Məncə, əsas risk 9×9-un özündə deyil, 11×11-ə keçidin necə təşkil olunacağındadır. Əgər futbolçu uzun müddət kiçik meydançada oynayırsa və sonra birdən-birə tam meydançaya keçir, onun məkan və məsafə anlayışında müəyyən adaptasiya problemi yarana bilər. 11×11-də müdafiə və hücum xətləri arasındakı məsafələr, genişlik, dərinlik, mövqelənmə və komanda strukturunun qorunması tamam başqa tələblər yaradır. Ona görə 9×9 tətbiq olunacaqsa, paralel şəkildə 11×11-ə keçid üçün dəqiq inkişaf modeli də hazırlanmalıdır.

– Bəzi mütəxəssislər deyirlər ki, 13-14 yaşında 11×11 oynamayan futbolçu sonradan böyük meydançaya uyğunlaşmaqda çətinlik çəkə bilər. Bu fikirlə razısınız?

– Bu narahatlığı başa düşmək olar. Amma bunu yalnız fərziyyə üzərində müzakirə etməkdənsə, real məlumatlarla qiymətləndirmək lazımdır. Dünyada müxtəlif ölkələr bu məsələ üzərində işləyir. Məsələn, İngiltərədə uşaq futbolunun formatları ilə bağlı yeni dəyişikliklər hazırlanıb və 11×11-ə keçidin U14 yaşına keçirilməsi planlaşdırılıb. Bu qərarın arxasında müxtəlif oyun formatlarının araşdırılması və digər ölkələrin təcrübəsinin öyrənilməsi dayanır. Burada bizim üçün vacib məqam budur: deməli, 14 yaşa qədər 11×11 oynamamaq avtomatik olaraq inkişaf problemi demək deyil. Amma bunun üçün keçid mərhələsi düzgün qurulmalıdır.

– Niderlandda da 9×9 formatı ilə bağlı pilot layihə həyata keçirilir. Azərbaycan həmin təcrübədən istifadə edə bilərmi?

– Əlbəttə, istifadə edə bilər. Amma “Niderlandda belədir, biz də belə edək” yanaşması düzgün olmaz. Niderlanddakı layihənin hansı səviyyədə, hansı yaş qrupunda və hansı məqsədlə həyata keçirildiyini nəzərə almaq lazımdır. Əgər bu, pilot layihədirsə, deməli, nəticələri də izlənilir və sistemin effektivliyi qiymətləndirilir. Biz də eyni şeyi edə bilərik. Məsələn, 9×9 və 11×11 formatlarında topa toxunuşların sayı, texniki hərəkətlər, qərarvermə, oyun sürəti, topun oyunda qalma müddəti, yüksək intensivlikli aksiyalar və digər göstəricilər müqayisə oluna bilər. Belə olduqda müzakirə “məncə belədir” səviyyəsindən çıxıb “məlumatlar bunu göstərir” səviyyəsinə keçəcək.

– Azərbaycanda əsas narazılıqlardan biri odur ki, U-14 liqası bir diviziondan ibarətdir və burada belə eksperiment aparılması riskli hesab olunur.

– Mən bu narahatlığı başa düşürəm. Amma digər tərəfdən, futbol sistemləri də müəyyən dəyişiklikləri sınaqdan keçirərək inkişaf edir. Məncə, burada ən sağlam variant 9×9-u əvvəlcədən ya tam doğru, ya da tam yanlış elan etmək deyil. Əgər qərar qəbul olunacaqsa, bunu pilot layihə və ölçülə bilən nəticələr əsasında həyata keçirmək daha doğru olar. Bir mövsüm ərzində nəticələr izlənilə bilər. Məşqçilərin, akademiyaların, texniki direktorların, fiziki hazırlıq üzrə məşqçilərin və müstəqil ekspertlərin fikirləri alınmalıdır. Sonra nəticələr təhlil edilərək qərar verilməlidir.

– Klubların və futbol ictimaiyyətinin ilkin reaksiyasının mənfi olması sizi təəccübləndirir?

– Xeyr. Böyük dəyişikliklərə qarşı ilkin reaksiyanın mənfi olması normaldır. Xüsusilə illərlə eyni sistemdə işləyən məşqçilər üçün yeni model müəyyən suallar yaradır. Amma məncə, burada bir az səbirli olmaq lazımdır. Nə kor-koranə qəbul etmək, nə də kor-koranə rədd etmək. Bəlkə 9×9 çox yaxşı nəticə verəcək. Bəlkə müəyyən dəyişikliklərə ehtiyac olacaq. Bəlkə də format yalnız müəyyən yaş və səviyyə üçün optimal olacaq. Bunu təcrübə göstərəcək.

– Sizcə, Azərbaycan futbolu Avropa təcrübəsindən daha çox istifadə etməlidir?

– Mütləq. Amma xarici təcrübəni kopyalamaq yox, ondan öyrənmək lazımdır. İngiltərə, Niderland, Almaniya, İspaniya və digər ölkələrin öz futbol infrastrukturu, yarış sistemi və oyunçu bazası var. Onların metodikasını Azərbaycan reallığına uyğunlaşdırmaq lazımdır. Mənim fikrimcə, bizə ən çox lazım olan yanaşma budur: araşdırmaq, sınaqdan keçirmək, ölçmək, nəticəni təhlil etmək və sonra sistemləşdirmək.

Digər Xəbərlər
Xəbər Lenti