"Uşaqlar məşq etmək üçün meydança tapmır" - MÜSAHİBƏ

22:55 Müsahibə 213
"Uşaqlar məşq etmək üçün meydança tapmır" - MÜSAHİBƏ

Uşaq futbolunun inkişafı daim bizim diqqət mərkəzində olan məsələlərdəndir.

Mümkün olduğu qədər mütəxəssislərlə bu sahənin vəziyyətini müzakirə edirik.

Budəfəki müsahib Diniyev Futbol Məktəbində baş məşqçi kimi fəaliyyət göstərən Aydın Qasımovdur.

O, Sportinfo.az-a müsahibəsində uşaq futbolundakı mövcud vəziyyət, futbolçu yetişdirməyin çətinlikləri, futbolçuların böyük futbola hazırlanması barədə fikirlərini bölüşüb.

- Akademiyada neçə yaş qrupu var?

- Ötən mövsüm 3 yaş qrupu üzrə respublika çempionatında çıxış edirdik. Bu mövsüm yalnız 1 yaş qrupunda iştirak edirik.

- Azalmaq səbəbi nədir?

- Uşaqları başqa akademiyalara, əsas komandalara göndərdik. Ona görə də bu il daha aşağı yaş qruplarında bir yaş qrupu ilə çıxış etməyə qərar verdik.

- Bütün yaş qruplarına siz nəzarət edirsiniz?

- Bəli. Amma klubda yaş qruplarının ayrı-ayrılıqda öz məşqçiləri də var.

- Respublika çempionatında hansı yaş qrupu iştirak edir?

- 2018-ci il təvəllüdlü uşaqlar. Yəni U-9 liqası.

- Ümumiyyətlə, uşaq futbolunda vəziyyət necədir?Artıq bir müddətdir burada çalışırsınız. Nə gözləyirdiniz, nə gördünüz?

- Çox istedadlı, çox yaxşı futbolçularımız var. Sadəcə, onların üzərində daha çox işləmək lazımdır.

- Bəs problem nədir?

- Ən böyük problem isə stadion məsələsidir. Demək olar ki, uşaqlar məşq etmək üçün yer tapmırlar. Bizdə 9 yaş qrupu balaca olduğu üçün hələlik ciddi problem yoxdur. Amma 12-13-14 yaşa çatanda artıq daha böyük meydançaya ehtiyac yaranır. Stadion məsələsi çox vacibdir.

İstedadlı və potensiallı uşaqlarımız kifayət qədər çoxdur. Sadəcə, stadion məsələsini həll etmək və düzgün şərait yaratmaq lazımdır ki, Azərbaycan futbolunu daha yaxşı səviyyədə görə bilək. Potensial var, uşaqlar var. İnşallah, yaxşı şərait və yaxşı klublar olsa, milli komanda səviyyəsində futbolçular yetişəcək.

- Məşqçilərlə bağlı vəziyyət necədir? Adətən məşqçilərlə bağlı müəyyən narahatlıqlar səsləndirilir.

- Çünki yaxşı məşqçilər, futbol oynayan və futbolu görmüş mütəxəssislərimiz çox azdır. Böyük problem isə valideynlərdədir.

- Niyə?

- Valideynlər çox vaxt futbol oynayan, bu sahədə təcrübəsi olan məşqçinin yanına yox, reklamı güclü olan məktəbə övladlarını aparırlar. Baxmırar ki, məktəb kimindir, harada fəaliyyət göstərir, məşqçisi kimdir, nə qədər iş təcrübəsi var. Müxtəlif meyarlara görə seçim edən valideynlər çoxdur. Amma az da olsa, məktəbin kimə məxsus olması ilə maraqlanan, məşqçinin keçmişinə, təcrübəsinə diqqət yetirən valideynlər də var.

- Veteran futbolçularımızın uşaq futbolundan bir qədər kənarda qalması da diqqət çəkir. Sanki özlərini bu sahədə maraqlı görmürlər. Sizcə, bunu nə ilə bağlamaq olar? Ümumiyyətlə, onların uşaq futbolunda daha çox olmasına ehtiyac varmı?

- Bəli, mənim fikrimcə, çox düzgün vurğuladınız. Uşaq futbolunda onların fəaliyyətinə çox böyük ehtiyac var. O insanlar Azərbaycan futboluna yaxşı futbolçular bəxş edə bilərlər. Onların təcrübəsindən uşaq futbolunda daha çox istifadə etmək lazımdır.

- Məşqçinin bir neçə yerdə çalışması ilə bağlı da danışmaq istəyirəm. Bu, daha çox nə ilə bağlıdır və məşqçinin işinə necə təsir edir?

- Səbəbi odur ki, məşqçi öz işini görür, təklif gözləyir, amma təklif gəlmir. Məsələn, akademiyalardan təklif almır. "Qarabağ" Akademiyasından, "Neftçi" Akademiyasından və digər akademiyalardan təklif gəlmir. O da məcbur olur ki, bir fəaliyyətlə məşğul olsun, məsələn, öz məktəbini və ya futbol qrupunu yaratsın, uşaqlar yığsın. Ona görə də belə problemlər yaranır.

- Maaş məsələsi burada nə qədər rol oynayır?

- Maaş məsələsi də çox böyük rol oynayır. Uşaq futbolunda xırdalıqlar çoxdur. Stadion götürülür, hər ay pul ödənilməlidir, toplar alınmalıdır, inventarlar alınmalıdır. Bunların hamısı böyük problemdir. Amma həmin məşqçilər akademiyalarda çalışsalar, vəziyyət fərqli olar. Məşqçi akademiyada işləyəndə müəyyən maaş alır, aylıq əməkhaqqı verilir. Onun başqa bir yerdə işləməsinə ehtiyac qalmır. Akademiyalarda məşqçilərə kifayət qədər iş imkanı təklif olunmur. Adam da məcbur olub başqa yerlərdə işləyir.

- Sizcə, məşqçi üçün böyük futbolda işləmək çətindir, yoxsa uşaq futbolunda?

- Hər ikisinin öz çətinliyi var. Amma məncə, uşaq futbolunda işləmək daha çətindir. Çünki burada səbir lazımdır. Uşağa texniki elementləri bir dəfə göstərməklə hər şey həll olunmur. Səbirli olmalısan. Bir ay, iki ay, beş ay, hətta on ay işləməlisən. Nəticə üçün vaxt lazımdır. Böyük futbolda da çətinliklər var, amma uşaq futbolunda səbir ən vacib məsələlərdən biridir. Onsuz da böyük futbolumuz uşaq futbolundan başlayır. Ona görə də uşaq futbolunda düzgün işləməliyik ki, gələcəkdə böyük futbola yaxşı futbolçular yüksələ bilsin.

- Aydın müəllim, siz Respublika çempionatında da məşqçi kimi iştirak edirsiniz. Şərait, yanaşma sizi qane edirmi?

- Ümumilikdə, bizim üçün hazırda çox yaxşıdır. Heç bir problem yoxdur. Şərait baxımından yaxşıdır. Stadion, oyunların keçirilməsi, təşkilati məsələlər yaxşıdır, demək olar ki, superdir. Amma 11-13-14-15 yaş qruplarında problemlər yaranır. Burada əsas problem yenə stadion məsələsidir. Böyük yaş qrupları üçün uyğun stadion tapmaq çətinləşir.

- Bir də 13-14 yaş dediniz. Bizdə çox danışılır ki, 13-14 yaşdan sonra istedadlı uşaqları itiririk. Bunun əsas səbəbi nədir?

- Məncə, əsas problem akademiyalardadır. Azərbaycanda futbolçu yetişdirmək üçün akademiyaların işi düzgün qurulmalıdır. 13-14 yaşlı futbolçu artıq akademiyada qalmalı, orada məşq etməli, futbolunu inkişaf etdirməlidir. Dünyanın başqa ölkələrində buna çox ciddi yanaşırlar. İspaniyada, İngiltərədə, Avstraliyada 16-17 yaşlı futbolçular artıq Premyer Liqada meydana çıxırlar. Hətta dünya çempionatlarında iştirak edirlər. Bizdə də bunun nümunələrini görmüşük, 17 yaşlı futbolçular böyük futbolda oynaya bilirlər. Amma bunun üçün şərait lazımdır. Uşaq yalnız məşq etməklə kifayətlənməməlidir. Akademiyada qalmalı, düzgün qidalanmalı, vitaminlərini qəbul etməli, təhsilini davam etdirməli və məşq prosesindən kənarda da inkişaf etməlidir. Bütün bunlar bir yerdə olmalıdır. Məncə, ən böyük problem akademiyalardadır. 13-14 yaşında istedadlı uşaqların akademiyada düzgün inkişaf edə bilməməsi, sonra da futbolu tərk etməsi və ya itirilməsi bizim üçün ciddi problemdir.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti