Ötən mövsüm çempionluq istəyinə çata bilməyən “Qaradağ Lökbatan” yeni mövsümə yeni baş məşqçi ilə start verəcək.
İkinci liqa təmsilçisi daha əvvəl klubda çalışmış Amid Quluzadəni boşalan posta gətirib.
Sportinfo.az-a müsahibə verən gənc mütəxəssis təyinatı və gələcək hədəflərindən danışıb.
- Yenidən “Qaradağ Lökbatan”a qayıdışın necə baş tutdu?
- Rəhbərlik dəvət etdi, görüşdük, tanış olduq və razılaşdıq. İnşallah, yeni mövsümdən etibarən “Qaradağ Lökbatan”ın baş məşqçisi olacağam. Üzərimizdə böyük məsuliyyət var. Çalışacağam ki, mənə olan etimadı doğruldum, mənə inanan insanların və rəhbərliyin etimadını doğruldum. İnşallah, komandamızla yaxşı nəticələr əldə edəcəyik.
- Yeni mövsümə komandanın hazırlığı necə keçdi?
- Hazırlığımız heç də pis keçmədi. Demək olar ki, heyəti komplektləşdirə bilmişik. İstədiyimiz futbolçuların əksəriyyətini komandaya cəlb etmişik. Hazırlıq oyunlarımız oldu, yaxşı məşqlər keçdik. Komanda hazırda çempionata 70-80 faiz hazırdır. Allahın köməyi ilə oyunlar keçdikcə hazırlığımızı daha da yaxşı səviyyəyə çatdıracağıq.
- Bilirik ki, ötən mövsümlə müqayisədə büdcə bir xeyli azalıb. Bəs hədəf dəyişibmi? Bu mövsüm “Qaradağ Lökbatan”dan nə gözləmək olar?
- Açığı, büdcə məsələsinə çox da fokuslanmadıq. Əlimizdən gələni etdik. Komandanı yaxşı yerlərə çıxarmaq üçün nə lazımdırsa, həm futbolçular, həm məşqçi heyəti, həm də komandada çalışan hər bir şəxs əlindən gələni edir. Büdcəni bəhanə kimi ortaya qoymuruq. Sağ olsun rəhbərlik, bizə lazımi şəraiti yaradıb. Onlar öz işlərini görür, biz də öz işimizi görürük. İnşallah, mövsümün sonunda hamımızın üzü ağ olar.
- Heyətdə ciddi dəyişikliklər baş verib. Yeni futbolçuların seçimində hansı meyarlara üstünlük verdiniz və komandanın əsas çatışmazlıqlarını aradan qaldıra bilmisinizmi?
- Heyətdə müəyyən dəyişikliklər baş verib. Bununla belə, keçən mövsümdən komandada təxminən 9 futbolçu qalıb. Mən öz istədiyim oyun üslubuna uyğun futbolçuları komandaya dəvət etmişəm. Daha çox sürətli futbol oynayan, meydanda daim mübarizə aparan kollektiv yaratmaq istəyirdik. Bu meyarlara uyğun futbolçuları komandaya cəlb etmişik. İnşallah, çempionatda həm yeni transfer etdiyimiz futbolçulardan, həm də komandada saxladığımız oyunçulardan gözləntilərimiz böyükdür. Ümid edirəm ki, hər biri bu gözləntilərin qarşılığını verəcək.
- İkinci Liqada rəqabəti necə qiymətləndirirsiniz? Sizcə, bu mövsüm hansı komandalar əsas rəqibləriniz olacaq?
- Açığı, ötən mövsümlə müqayisədə bu il çempionatda daha çox komanda çempionluq uğrunda mübarizə aparacaq. Məncə, çempionat bu mövsüm ötən ildən daha gərgin keçəcək. Bir neçə komandanın çempionluq iddiası var. Zaman göstərəcək ki, mövsümün sonunda hansı komanda hansı pillədə qərarlaşacaq. Ötən mövsüm çempionluq uğrunda əsasən “Qaradağ Lökbatan” və “Xankəndi” mübarizə aparırdısa, bu mövsüm mənim bildiyim qədərilə artıq dörd komanda çempionluğa iddialıdır. Çempionatın sonunda hər şeyə aydınlıq gələcək.
- “Qaradağ Lökbatan”ın futbol fəlsəfəsində hansı dəyişiklikləri etmək istəyirsiniz? Azarkeşlər meydanda necə bir komanda görəcəklər?
- Mənim əsas istəyim sürətli futbol oynayan və meydanda daim mübarizə aparan kollektiv yaratmaqdır. Komandaya cəlb etdiyimiz futbolçuları da məhz bu meyarlara uyğun seçmişik. İstəyirik ki, azarkeşlər meydanda sona qədər mübarizə aparan, sürətli və baxımlı futbol nümayiş etdirən “Qaradağ Lökbatan” görsünlər.
- Sonda azarkeşlərə mesajınız nədir? Onlardan bu mövsüm komandadan nə gözləmələrini istəyərdiniz?
- Ən sonda azarkeşlərə mesajım budur ki, komandaya dəstək olsunlar, daim bizim yanımızda olsunlar. Komanda da onlar üçün əlindən gələni edəcək. Bundan heç bir şübhələri olmasın.
XANOĞLAN İMANOV
