“Sabah” Avropa Çempionlar Kuboku və Çempionlar Liqası tarixində unikal uğura imza atdı.
Masazır təmsilçisi Avropanın əsas turnirində debüt etdiyi ilk iştirakında bütün dörd təsnifat mərhələsini keçərək əsas mərhələyə yüksələn ilk komanda oldu.
Cari mövsüm “Sabah”ın tarixində Çempionlar Liqasındakı ilk çıxışıdır. Valdas Dambrauskasın komandası mübarizəyə ilk təsnifat mərhələsindən başladı və ardıcıl olaraq dörd səddi keçdi.
Burada baş məşqçinin rolu böyükdür. Onun ən vacib işi yalnız taktiki plan hazırlamaq deyil, plan işləmədiyi zaman oyunu dəyişə bilməkdir.
“Sabah”ın “Hapoel”lə oyunu bir neçə dəfə fərqli mərhələdən keçdi və məşqçi də komandanı həmin mərhələlərə uyğunlaşdırdı.
Bir tərəfdə yüksək pressinq tətbiq edən, topa daha çox sahib olan və turnirdə bu göstəriciləri ilə seçilən “Hapoel Beer-Şeva”.
Digər tərəfdə isə təzyiq altında qalan, səhvlər edən, iki dəfə geriyə düşən, amma hər dəfə oyuna qayıdan “Sabah”.
Nəticədə qalib gələn komanda daha çox topa sahib olan yox, kritik anları daha yaxşı idarə edən komanda oldu.
“Sabah” Bakıda mükəmməl oyun göstərmədi. Amma Çempionlar Liqasına yüksəlmək üçün bəzən mükəmməl olmaq yox, çətin anlarda doğru reaksiya vermək lazımdır.
“Sabah” bunu bacardı.
Dambrauskasın göz yaşları, tribunadakı azarkeşlərin emosiyası və futbolçuların final fitindən sonra yaşadığı sevinc də məhz bunun nəticəsi idi.
Qurban Qurbanovun oyunu izləyərək “Sabah”ın qələbəsini alqışlaması isə gecənin başqa bir simvolik görüntüsünə çevrildi.
SPORTİNFO.AZ
