Premyer Liqaya iki qələbə ilə başlayan “Sabah” çətin sınaq qarşısındadır.
Son çempion öz meydanında turnir cədvəlinin hazırkı liderini – “Zirə”ni qəbul edəcək.
Sözsüz, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla dünyaya səs salan “tələbələr” matçın favoriti hesab olunur. Özünə doğma olan meydanda oynaması bir tərəfə, kollektivdə xoş əhval-ruhiyyə hökm sürür, qələbə atmosferi komandanın canına hopub.
Ancaq bir incə məqamı unutmamalıyıq.
“Sabah” bu qarşılaşmaya görməyə alışdığımız “11-lik”lə çıxmayacaq. “Zirə”nin adı və son 3 oyunda sıralanan qələbələri baş məşqçi Valdas Dambrauskası hər nə qədər hazır futbolçuları meydana buraxmağa məcbur etsə də, mümkün deyil.
Masazır təmsilçisi avqustun 25-də “Hapoel Beer-Şeva” ilə ağır 120 dəqiqə keçirmişdi. Və həmin gün əsas heyətdə meydana çıxanların bir çoxu avqustun 31-də “Araz-Naxçıvan”la dueldə “11-lik”də yer almışdı. Akim Zedadka, Rəhman Daşdəmirov, Velko Simiç, Umarali Raxmonaliyev və Coy Lens-Mikels xaric, digərləri ilk dəqiqədən meydanda idi.
Dambrauskas bu gün “Zirə”yə qarşı ideal “11-liy”ə güvənməyəcək. Bunun üçün imkanı da yoxdur. Çünki beş gündən sonra “Sabah”ı uzaq və ağır İngiltərə səfərində “Mançester Yunayted”lə önəmli oyun gözləyir.
Futbolçuları yorğunluqdan qorumaq, bərpalarını düşünmək, zədə ehtimalının qarşısını almaq üçün litvalı mütəxəssis rotasiyalar etməyə məcburdur. Rotasiyalı “Sabah”ın nəyə qadir olduğunu 1-ci turda “Kəpəz”lə görüş göstərmişdi.
“Zirə”nin əlinə qələbə sayını artırmaq üçün əla fürsət düşüb. “Sabah”ın büdrəməsi, “Qarabağ”ın “Araz-Naxçıvan”ı məğlub etməsi turnir cədvəlindəki mübarizənin qızışmasına səbəb olacaq.
Təbii ki, zirəlilər bunu bacarsa.
Bu gün “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.
HƏBİB
