"Qarabağ" Bakıda "Tvente"yə 1:4 məğlub olaraq Konfrans Liqasında mübarizəni dayandırdı.
Matçın 114-cü dəqiqəsində əvəzlənən Muadib göz yaşları içində meydanı tərk etdi.
O göz yaşlarında böyük məna yatırdı.
Təkcə Muadibin göz yaşları da deyildi.
Bu, “Qarabağ”ın bütün yeni transferlərinin göz yaşları idi. Sadəcə, hamısının yaşadığı məyusluq Muadibdə cəmlənmişdi.
Çünki ötən mövsüm Avropada tarix yazan “Qarabağ”a yayda gələn əcnəbilər böyük ümidlərlə gəlmişdilər.
Növbəti tarixin bir parçası olmaq istəyirdilər.
İnanırdılar ki, Avropada uğur qazanan bu komandanın heyətində onlar da böyük qələbələr yaşayacaq, böyük klublara qarşı meydana çıxacaqlar.
Bəlkə də karyeralarında ilk dəfə Avropanın böyük səhnəsində özlərini göstərəcəklər.
Amma olmadı.
Heç gözləmədikləri, heç ağıllarına gətirmədikləri başlarına gəldi.
“Qarabağ” 12 illik aradan sonra ilk dəfə belə erkən mübarizəni dayandırdı, onların böyük ümidləri də yarımçıq qaldı.
Muadibin göz yaşları isə həmin yarımçıq qalan ümidlərin ifadəsi idi.
XANOĞLAN/ SPORTİNFO.AZ
