Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tanıdığı iş adamlarını bir yerə cəmləməklə gələcəkdəki mümkün uğurların təmıəlini qurmağa çalışır ki, bu şəxslərdən biri Həsən Zeynalovdur.
Əslində, bu ad-soyad bizə idmandan tanışdır.
Həsən bəy eyni zamanda son ölkə çempionu qadınlardan ibarət “Turan” klubunun rəhbəridir. Bundan sonra isə həm də “Turan Tovuz”da İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərəcək.
Zeynalovu yaxından tanımaq və tanıtmaq üçün işi adamıyla əlaqə saxladıq. Ölkə xaricində olmasına baxmayaraq, zaman tapıb Sportinfo.az-ın suallarını cavablandırdı.
- Voleybol klubu ilə Çempionlar Liqasına hazırlıq necə gedir? Heyətdə kifayət qədər dəyişikliklərin olması göz qabağındadır.
- Heyətdəki dəyişikliklər barədə mütəmadi məlumatlar veririk. Gedənlər kimi, yeni gələnlərin adları məlumdur. Transfer çalışmalarını başa vurduğumuzu deyə bilərəm. Bundan sonra ehtiyac yaranarsa, bir nəfəri kluba cəlb edə bilərik. Baş məşqçi ilə müzakirələr aparırıq. Son qərar onundur.
- “Turan” Çempionlar Liqasına “Mladost Zaqreb”lə (Xorvatiya) oyunlarla başlayacaq. Turnirdə hədəfiniz nədir?
- Başlıca məqsəd təbii ki, qrup mərhələsinə vəsiqə qazanmaqdır. Əlbəttə, kənardan çətin görünür, lakin mümkünsüz deyil. Çalışacağıq ki, çətin və mümkünsüz görünəni həyata keçirək.
- Ümumi planda təcrübəsizlik özünü göstərə bilər, yoxsa ayrı-ayrı voleybolçuların şəxsi təcrübəsinə güvənirsiniz?
- Heyəti gücləndirəndə təcrübə amilinə xüsusi diqqət yetirmişik. Bəzi oyunçularımızın yaşı təəccüb doğurur. Lakin biz Çempionlar Liqası kimi ali turnirdə iştirak edəcəyimizin fərqindəyik. Bu səbəbdən Çempionlar Liqasında təcrübəsi olan, karyerası göz oxşayan voleybolçuları cəlb etmişik.
- Bundan sonra həm də “Turan Tovuz”da Ehtiram Quliyevin müavini vəzifəsini daşıyacaqsınız. Məlum posta gəlişiniz şəxsi istəyiniz idi, yoxsa Quliyevin dəvəti?
- Təşəbbüs Ehtiram bəydən gəldi. Sağ olsun, ötən mövsüm başa çatandan sonra baş tutan görüşümüzdə belə bir təklif irəli sürdü. Mən də öz növbəmdə bu təklifi müsbət dəyərləndirdim.
- Sizi futbola yaxın şəxs hesab etmək olar? Neçə müddətdir maraqlanırsınız, özünüz hansısa səviyyədə oynamısınızmı və sair.
- Peşəkar səviyyədə olmasa da, həvəskar səviyyədə oynamışam. Futbolla çox yaxından maraqlandığımı qeyd etməliyəm. Dəqiq desəm, 20 ilə yaxındır Azərbaycan futbolunu izləyirəm, baş verən proseslərlə maraqlanıram. Müəyyən qədər təcrübə və təəssürata sahib olduğumu deməliyəm.
- Müavin kimi üzərinizə düşən öhdəliklər nə(lər)dən ibarət olacaq?
- Ehtiram bəy işlərlə bağlı müəyyən bölgülər aparıb. Klubun daha da inkişaf etməsində, idarəetmənin düzgün icra olunmasında çalışacağıq ki, bacardığımızın ən yaxşısını edək.
- Məsələn, sizin üzərinizə nə kimi işlər düşür? Əsas komanda ilə bağlıdır, akademiyanın inkişafı, yoxsa infrastruktur?
- Xüsusi olaraq hansısa sahə ayrılmayıb. Klubun ümumi işləri ilə bağlı bacardığım nə varsa, kömək edəcəyəm.
- Siz həm də maddi yardım da edəcəksiniz?
- Xüsusi olaraq hansısa ianə nəzərdə tutulmayıb. Voleybol klubunda ana sponsorumuz var ki, həmin şirkətin və şəxslərin futbola gəlişində müəyyən qədər danışıqlarımız və rolumuz olub. İmzalanma mərasimində Ehtiram Quliyev kluba ayrılacaq məbləği açıqlamışdı (2 milyon dollar – H.). Ehtiram bəy sağ olsun, məni kluba dəvət edəndən sonra hansısa şəkildə qatqımı göstərmək istədim. İlk dəfə bu barədə təklif edəndə isti qarşılamışdı deyə, sonradan sponsor şirkətlə ümumi müzakirələrimiz və razılığımız oldu. Onlar da sağ olsunlar, böyük məmnuniyyətlə razılaşdılar.
- “Turan Tovuz”un ilk turda “Qəbələ”yə qarşı çıxışını yəqin ki, izləmisiniz. Oyun sizi nə dərəcədə razı saldı?
- Düzünü desəm, ilk hissədə sərgilənən oyunu çox bəyəndim. Məlumdur ki, komanda təlim-məşq toplanışından qayıdıb, müəyyən mənada yüklənmə və ağırlıq var. Həm də ilk oyunun həyəcanı hiss olunurdu. Zaman keçdikcə indikindən daha hazırlıqlı və mübariz komanda görəcəyik.
- Ehtiram Quliyevin hər imkanda vurğuladığı çempionluq hədəfi real görünürmü?
- Niyə də olmasın?!
- Premyer Liqada “Sabah” və “Qarabağ” kimi rəqiblərin olduğunu göz önünə alsaq necə?
- Öncəki mövsümlərdə “Turan Tovuz”un “Qarabağ” və “Sabah”la matçlarını yaxından izləmişik. Komandaların hansı potensiala sahib olduğunu yaxşı bilirik. Əlbəttə, çətin missiyadır, amma yenə başlanğıcdakı sözümə gəlirəm – mümkünsüz heç nə yoxdur. Baş məşqçimizə və futbolçularımıza inanırıq. Mövsümün əvvəlindən sonuna qədər çempionluq yarışının içində olacağıq.
- Komandanın ev və səfər oyunları zamanı “Turan Tovuz”un yanında ola biləcəksiniz?
- Özüm Tovuzda böyümüşəm, “Turan Tovuz”un azarkeşiyəm. İndiyə qədər çalışmışam komandanın bütün oyunlarını canlı izləyim. Bu günə qədər heç bir oyunda kənarda qalmamışamsa, bundan sonra da belə bir halın yaşanacağına inanmıram. Ötən mövsümdə İdarə Heyətinin üzvü idim və Ehtiram bəylə birlikdə bütün oyunları birlikdə izləyib, paltardəyişmə otağında komandanı təbrik etmişik.
- Klub funksioneri kimi düşüncələrinizi eşitdik, sizi şəxs olaraq daha yaxından tanımaq istəsək?
- Buyurun.
- Tovuzda kifayət qədər nüfuzlu ailənin övladı olduğunuz deyilir. Valideynləriniz nə işlə məşğuldur, özünüz hansı ixtisas üzrə təhsil almısınız, hazırkı işiniz nədən ibarətdir?
- Tovuzda anadan olmuşam və orta məktəbin 5-ci sinfinə qədər rayonda təhsil almışam. Daha sonra Bakıya köçmüşük, Bakıda böyümüşəm. İxtisasca hüquqşünasam. Bu günə qədər müxtəlif şirlətlərdə müxtəlif vəzifələrdə çalışmışam. Sadəcə futbolu hər zaman sevmişəm, azarkeş kimi hər zaman diqqətdə saxlamışam. Öncə voleybol, daha sonra futbol sahəsinə dəvət almışam. Valideynlərimə gəlincə, anam evdar xanım, atam biznesmendir. Atam Azərbaycanda yaşamır, ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur.
HƏBİB
