"Sabah"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində məqsədi mümkün qədər uzun müddət rəqabətədavamlı qalmaq və inkişaf etməkdir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Adino Mustedanaqiç deyib.
Mütəxəssis turnirdə qarşısına qoyulan hədəflərdən danışıb:
"Bu turnirdə əsas məqsədimiz inkişaf etmək olacaq. Çünki Azərbaycanda bu səviyyədə rəqiblərlə qarşılaşmırıq və indiyədək xaricdə keçirilən heç bir turnirdə iştirak etməmişik. Futbolçularımızın belə yüksək tələblərin olduğu şəraitdə və oyunlarda çıxış etmək imkanı olmayıb. Buna görə də əsas hədəfimiz mümkün qədər uzun müddət rəqabətədavamlı qalmaq və yalnız oyundan-oyuna deyil, hətta dəqiqədən-dəqiqəyə inkişaf etməkdir".
O, rəqiblər barədə də fikirlərini bölüşüb:
"Rəqiblərimizi təhlil etmişik və onların oyun zamanı nə etməyə çalışdıqlarını, eləcə də necə oynadıqlarını anlayırıq. Xüsusilə ilk rəqibimiz olan "Mançester Yunayted"i təhlil etmişik. Çox güclü rəqibdir və UEFA Gənclər Liqasının qalibi olmağa namizədlərdən biridir. Bizi çox intensiv qarşılaşmalar gözləyir. Futbolçularımız indiyədək sadəcə bu səviyyədə intensivliklə qarşılaşmayıblar".
"Sabah" tarixində ilk dəfə iştirak edəcəyi UEFA Gənclər Liqasının əsas mərhələsində ilk matçını sentyabrın 10-da səfərdə İngiltərə təmsilçisi "Mançester Yunayted"ə qarşı keçirəcək.
Bakı təmsilçisi turnirdə həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.
