“Bütün komandalar bizi udmağa çalışır” - “Qarabağ”ın macarı

19:40 Müsahibə 177
“Bütün komandalar bizi udmağa çalışır” - “Qarabağ”ın macarı

“Qarabağ”ın macarıstanlı mərkəz müdafiəçisi Bense Varkoni Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın açılış turunda “Şamaxı” üzərində 3:1 hesablı qələbə qazandız. Amma matç heç-heçə də başa çata bilərdi.

- Bilirəm, hər kəs bizdən rahat qalibiyyət gözləyirdi. Lakin bu, heç də asan deyil. Çünki rəqiblər “Qarabağ”a qarşı tam motivasiya ilə mübarizə aparır. “Şamaxı” döyüşkən, hər epizodda sona qədər mübarizə aparan lomandadır. Əslində, hər şey yaxşı gedirdi. Öz səhvimizdən qol buraxandan sonra müəyyən qədər çətinlik çəkdik. Lakin oyundan qopmadıq. Xarakter göstərib lazım olan qələbəni əldə etdik. Bu cür oyunlarda hədsiz dərəcədə diqqətli və motivasiyalı olmaq lazımdır.

- Qazonun vəziyyəti necədir?

- Bu barədə danışmaq mənim işim deyil. Yəqin ki, bu meydanda davamlı oyunların keçirilməsi hansısa mənada özünü göstərir. Ot bir az ağırlaşır. Ancaq bunu problem kimi qabartmağın tərəfdarı deyiləm. Çünki şərtlər hər iki komanda üçün eynidir.

- Bu stadionda “Vestri”, ÇSKA (Sofiya) və Kiyev “Dinamo“suna qarşı oyunlarda stadion demək olar azarkeşlə dolu idi. “Şamaxı” ilə görüşdəazarkeş sayı 500-ü ötməzdi. Təəccübləndin?

- Əlbəttə, azarkeş sayı çox olanda futbolçuların motivasiyası da artır. Ancaq turnirlər müxtəlifdir. Ola bilsin, avrokuboklara görə daha çox adam gəlir. Azarkeşi stadiona məcbur gətirə bilmərik. Bu, özlərinin verdiyi qərardır. Bizim işimiz turnirin adından asılı olmayaraq onları sevindirməkdir.

- Bununla bağlı azarkeşlərə demək istədiklərin var?

- Onları stadiona səsləyirəm. Demək istəyirəm ki, azarkeş sayının çox olması bizi daha həvəsləndirir, onların dəstəyindən güc alırıq. Avrokuboklarla yanaşı, bizi çempionluq və kubok yarışı da gözləyir. Ötən mövsüm “Qarabağ” titulsuz qalıb. Cari mövsümü çempion kimi başa vurmaq üçün azarkeş dəstəyinə ehtiyacımız olacaq.

- Avrokubok həyəcanını ilk dəfə “Qarabağ”la yaşadın. Eyni zamanda Premyer Liqada ilk dəfə meydana çıxdın. Bu iki turnirin arasındakı fərqlər nədən ibarətdir? Məsələn, “Dinamo” və “Şamaxı”ya qarşı oyunlar bir-birindən nə ilə fərqlənir?

- Hər ikisi peşəkar klubdur və hər ikisi meydana qələbə qazanmaq üçün çıxır. Bilirəm ki, bütün komandalar bizi udmağa və özünü sübut etməyə çalışır. “Dinamo” olsun, ya “Şamaxı” – fərq etmir. Sadəcə avrokuboklarda uduzmaq mübarizəni dayandırmaqla nəticələnir. Çempionatda bir az fərqlidir, bu gün itirdiyin xalları sabah bərpa edə bilirsən. Fərq yalnız budur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti