«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Sessi Dalmeydaya son xəbərdarlığını edib.
Ukraynalı çalışdırıcı beninli yarımmüdafiəçiyə bu barədə sözünü komandadaxili toplantıda deyib.
Təcrübəli çalışdırıcı bildirib ki, o, Premyer Liqanın son iki turunda iştirak ərizəsindən kənarda qalmasının səbəbini özündə axtarmalıdır.
«Şerif»in sabiq sükançısı deyib ki, məşqlərə barmaqarası yanaşan, oyunlarda can yandırmayan heç bir futbolçu ondan növbəti şansı istəyə bilməz.
Vernidub afrikalı legionerdə bu halları müşahidə etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Dalmeyda ötən mövsüm öz işinə peşəkar yanaşsa da, hazırda bütün fikrini futbola vermir, üzərində çalışmır.
Baş məşqçi belə davam edəcəyi halda, növbəti turlarda da forma fürsəti qazanmayacağını səbəbkara çatdırıb.
«Mənim olduğum yerdə heç kim məşqləri yola verə bilməz» ifadəsini işlədən mütəxəssis söyləyib ki, «Neftçi»nin şərəfini qorumaq hamıya müəssər olmur və kim bu fürsəti yaxalayıbsa, daim məsuliyyətli davranmalıdır.
Benin yığmasının üzvü Premyer Liqanın ilk turunda meydana çıxıb. «Sumqayıt»a səfərdə 3:1 hesabıyla qalib gəldikləri matça əsas heyətdə başlayıb və 78-ci dəqiqədə Elvin Camalovla əvəzlənib.
O, «Araz-Naxçıvan» və «Zirə» ilə sonrakı qarşılaşmaları tribunadan izləyib.
SPORTİNFO.AZ
