Braqadan Şamaxıya gələn: “Problem yoxdur, bundan zövq alıram”

16:30 Müsahibə 110
Braqadan Şamaxıya gələn: “Problem yoxdur, bundan zövq alıram”

“Şamaxı” Premyer Liqanın ilk turunda ps təsir bağışlamadı.

Səfərdə güclü “Qarabağ”a qarşı oynayan bölgə təmsilçisi hesabda geri düşməsinə baxmayaraq, bərabərlik topunu vurdu.

Lakin yol verilən səhvlər yekunda “köhlən atlar”ın 3:1 hesablı qələbəsinə səbəb oldu. Yeni transferlərin arasında Filipe Markes orta sahədə inamlı oyunu ilə diqqət çəkdi.

Sportinfo.az-a verdiyi müsahibədə həm oyun, həm də digər məqamlarla bağlı sualları cavablandırdı.

- Azərbaycandakı debüt matçında Avropada kifayət qədər tanınan komandaya qarşı oynadın. Matçla və nəticə ilə bağlı düşüncələrin necədir?

- Bu cür böyük arenada və dediyiniz kimi, “Qarabağ” kimi rəqibə qarşı oynamaq xoşdur. Bəli, uduzduq. Lakin lazımınca mübarizə apardığımızı və rəqibdən çəkinmədiyimizi deməliyəm.

- Meydanı xalla tərk etməyinizə kim, yaxud nə mane oldu?

- Fikir verdinizsə, oyunun bəzi anlarında meydanda üstün tərəf idik. Bəlkə də həmin anlarda qol vursaydıq, sonluq fərqli ola bilərdi. Mövsüm yeni başlayıb, komandada çox sayda yeni futbolçular var. Əminəm ki, zaman keçdikcə adımızdan söz etdirməyi bacaracağıq.

- Əksər futbolçular “Qarabağ”la oyunu səbrsizliklə gözləyir. Səndə də beləydi, yoxsa növbəti həftələrdə qarşılaşmaq daha yaxşı olardı?

- “Qarabağ” möhtəşəm komandadır. “Qarabağ”ın “Benfika”ya qarşı necə oynadığını və qələbə qazandığını yaxşı xatırlayıram. Əlbəttə, ən xoş sözlərə layiqdir. Lakin bizim üçün çempionatdakı bütün rəqiblər və oyunların mahiyyəti eynidir. Hər birinə qarşı eyni motivasiya ilə hazırlaşmalı, eyni cür mübarizə aparmalıyıq. Birini digərindən fərqləndirməyin tərəfdarı deyiləm.

- Portuqaliyanın hansı şəhərindənsən?

- Braqadan.

- Braqadan sonra Şamaxıda yaşamaq çətinlik yaradır?

- Heç bir çətinlik yoxdur, əksinə, bundan zövq alıram. İlk növbədə Şamaxıdakı insanların qonaqpərvərliyini və xoş münasibətini qeyd etməliyəm. Bizə isti yanaşırlar, sanki ailə üzvlərindən biri kimi. Oranın havası, təbiəti, gözəlliyi də çox gözəldir. Şəxsən mənim üçün heç bir problem yoxdur.

- Razılaşaq ki, Şamaxıda yay ayları üçün vacib olan əyləncəli məkanlar, disko klublar, çimərlik yoxdur. Avropadan gəlib bölgədə yaşayan futbolçuların əksər vaxtlarda bu kimi çatışmazlıqlardan gileyləndiyini az eşitməmişəm.

- Futbolçuların hamısı eyni xarakterə sahib deyil. Kimisi sakitliyi və təbiəti sevir, kimisi səs-küyü və əyləncəni. Digər tərəfdən, məskunlaşdığımız otel əladır, hər cür şərait var. Dediyiniz əyləncə, səs-küy, hətta basseyn oteldə var. Məşq etməyimiz üçün yaxşı meydanımız var. Yaxşı nəticələr qazanmaq üçün hər cür şəraitə sahib olduğumuzu deyə bilərəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti