“Neftçi” – “Araz-Naxçıvan” qarşılaşmasında “ağ-qaralar”ın yeni transferi Draqolyub Saviç debüt etd və ayağı düşərli oldu.
Paytaxt təmsilçisi Naxçıvan komandasının daşını daş üstə qoymadan 5:0 hesablı qələbəyə sevindi.
25 yaşlı serbiyalı yarımmüdafiəçi Sportinfo,az-a verdiyi müsahibədə sualları cavablandırıb.
- Debüt oyundakı nəticəni və öz çıxışını necə dəyərləndirirsən?
- İlk matçda qələbəyə sevinmək və bu qədər azarkeşi sevindirmək gözəl hislərdir. Vacib olan qələbə idi ki, bunu da baxımlı və gözəl oyunla qazandıq. Öz çıxışıma gəlincə, qiymət vermək mütəxəssislərin, baş məşqçinin və sizin işinizdir.
- İlk yarıda 4 qol vurduğunuz halda, fasilədən sonra rəqib qapısının torunu 1 dəfə silkələmək mümkün oldu. Sanki nəticədən doğan arxayınlıq var idi.
- Arxayınlıq deməzdim. Futbol belədir, bəzən ilk hissədə 4 qol vurursan, bəzən birinci 45 dəqiqədə fərqlənə bilməyib, ikinci hissədə 3 top vurursan. Qarşımızadakı rəqib sıradan komanda deyildi. Yaxşı heyəti var. Sadəcə ilk hissədə yol verdikləri boşluqlardan maksimum yararlana bildik. Fasilədən sonra daha diqqətli və sıx oynadılar.
- Azərbaycandakı ilk oyun sənə nə dedi, nələri göstərdi?
- Yaxşı mənada çox şey gördüm. Mübarizələr, fiziki güc, yerdəyişmələr, taktiki gedişlər diqqətimi çəkdi. Ümumiyyətlə, Premyer Liqada fiziki hazırlıq çox vacibdir.
- “Neftçi”dın təklif alanda reaksiyan necə olmuşdu? Nə kimi məlumatlara sahib idin?
- Təbii ki, müəyyən bilgilərim var idi. “Qarabağ”, “Sabah”, “Neftçi” kimi komandaların avrokuboklardakı çıxışlarına və nəticələrinə baxanda məndə xoş fikirlər yaranmışdı. “Neftçi”nin adını çox eşitmişdim, bilirdim ki, köklü klubdur, zəngin tarixə malikdir. Digər tərəfdən, “Neftçi” mənə tanış komandadır. Ona görə də təklif alanda içimdə “mən hazıram” dedim.
- Vaxtilə Azərbaycanda oynamış, yaxud hazırda oynayan futbolçulardan şəxsən tanıdıqların var?
- Futbolçuların arasında tanıdıqlarım olmasa da, Azərbaycana gəlib-getmiş tanışlarım var. Lazım olan məlumatları onlardan soruşuram.
- “Neftçi”də ciddi rəqabər var ki, xüsusən yarımmüdafiə xəttində legionerlərin çoxluğu diqqət çəkir. Əsas heyətdə özünə yer etməyin çətin olduğunu anlayırsan yəqin ki.
- Heyətin geniş olması normal və mütləqdir. Söhbət böyük hədəflərdən və çempionluq mübarizəsindən gedirsə, futbolçu sayı çox olmalıdır. Komandada rəqabətin olması inkişafa xidmət edir. Heç kimin əsas heyətdə yeri təmin olunmayıb. Buna məşqlərdəki çalışqanlığımızla nail ola bilərik. Mən də öz növbəmdə əlimdən gələni edəcəyəm ki, baş məşqçidən şans qazanım.
HƏBİB
