"Sabah"ı "Qarabağ"la müqayisə etmək doğru yanaşma deyil"

21:00 Sabah 132
"Sabah"ı "Qarabağ"la müqayisə etmək doğru yanaşma deyil"

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda yeni səhifə yazdı.

“Bayquşlar” təsnifat mərhələsində keçirdikləri ardıcıl dörd mərhələdə rəqiblərini geridə qoyaraq Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində mübarizə aparacaq.

İndi isə qarşıda daha böyük sınaq var. “Sabah”ı Avropanın ən güclü komandaları ilə kifayət qədər ağır oyunlar gözləyir və bir neçə gündən sonra “bayquşlar” bu mübarizəyə başlayacaq.

Maraqlıdır, Valdas Dambrauskasın yetirmələri təsnifat mərhələlərində olduğu kimi əsas mərhələdə də uğurlu çıxış edə biləcəkmi? Ötən mövsüm “Qarabağ”ın yazdığı tarixin davamını gətirmək nə dərəcədə realdır?

Bütün bu suallara Sportinfo.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisi Cahangir Həsənzadə cavab verib:

"Ümumiyyətlə, deyə bilərəm ki, “Sabah”ın Çempionlar Liqasındakı qrupu çox çətindir. Rəqiblər Avropanın ən yaxşı komandaları sırasındadır. Təqvimə də nəzər salsaq, görərik ki, həm evdə, həm də səfərdə kifayət qədər ağır oyunlar var.

Amma buna baxmayaraq, “Sabah”dan inamlı və cəsarətli oyun gözləyirik. Düşünmürəm ki, “Sabah” istənilən komandaya qarşı rahatlıqla təslim olacaq. Əminəm ki, futbolçular öz potensiallarını maksimum şəkildə ortaya qoymağa çalışacaqlar. Çünki bu, onlar üçün də böyük bir şansdır və əllərindən gələni komanda şəklində edəcəklər.

Xal və ya xallar qazanmağa gəldikdə isə, sözsüz ki, evdə keçirəcəyimiz oyunları və səfər matçlarını nəzərə alsaq, düşünürəm ki, “Sabah” üçün xal toplamaq imkanları olacaq. Ən azı ilk iki oyundan birində və digər qarşılaşmalarda xal qazanmaq şansımız var. Reytinq baxımından da bəzi rəqiblərlə təxminən eyni səviyyədəyik.

Digər tərəfdən, azarkeş amilini də nəzərdən qaçırmaq olmaz. İnanıram ki, “Sabah” istənilən ev oyununda öz meydanında, azarkeşlərinin qarşısında mübarizə apararaq, hətta reytinq baxımından favorit sayılmayan komandaların əlindən də xal qopara bilər.

“Sabah”ı ötən mövsüm “Qarabağ”ın nəticələri ilə müqayisə etməyə gəldikdə isə, məncə, bu, o qədər də doğru yanaşma deyil. Hər komandanı öz yerində qiymətləndirmək daha məntiqlidir.

“Sabah”ın ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi özü möhtəşəm hadisədir. “Qarabağ” isə bu yolu artıq dəfələrlə keçib və böyük təcrübəyə malikdir.

Heyət baxımından da indiki məqamda müqayisə aparmaq düzgün olmaz. Mövsüm hələ yeni başlayıb. “Sabah”ın qarşısında uzun və ağır marafon var.

Amma bütün bunlara baxmayaraq, düşünürəm ki, “Sabah” Çempionlar Liqasında xal və ya xallar toplaya biləcək. Ən vacib məqam isə budur ki, Azərbaycan futbolunun və Azərbaycan klublarının Avropadakı nüfuzunun artdığını görək.

Artıq hər il Azərbaycan Premyer Liqasının bir komandasının Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparması ölkə futbolu adına böyük nüfuzdur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti