Sportinfo.az xəbər verir ki, "Tvente"nin norveçli hücumçusu Sandre Öryaseter Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a evdə uduzduqları ilk oyunundan (0:1) sonra fikirlərini bölüşüb.
- Rəqib haqqında nə fikirləşirsiniz?
-Həqiqətən yaxşı rəqib idi. Amma düşünürəm ki, sərfəli nəticə qazanmamağımızın səbəbi əsasən öz səhvlərimiz oldu. Şanslarımız var idi, amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.
- Birinci hissə komandanız üçün çətin görünürdü. Sizin üçün oyun necə keçdi?
- Asan oyun deyildi. Güclü rəqib idi, çox qaçmalı olduq. Mənim də iki qol fürsətim var idi. Onları qola çevirə bilərdim. Buna görə də hazırda hisslərim yaxşı deyil. İndi sadəcə bərpa olub növbəti oyuna hazırlaşmalıyam.
- İkinci hissənin əvvəlində tez qol buraxdınız. Orda nə baş verdi?
- Topu itirdik. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Belə qol buraxmaq istəmirdik. Amma məsələ təkcə bu deyil, biz özümüz də qol vurmalı idik. Artıq bunu dəyişmək mümkün deyil.
- Azarkeşlər çox səs-küylü idi və gözəl atmosfer yaratmışdılar. Bu, çətin anlarda sizə kömək etdimi?
- Əlbəttə. Azarkeşlər çox vacib amildir. Atmosfer möhtəşəm idi. Sadəcə təəssüf ki, onları yaxşı nəticə ilə sevindirə bilmədik.
- Ən böyük qol şansınız sizin baş zərbəniz idi. O epizod haqda nə düşünürsünüz?
- Markodan çox yaxşı ötürmə gəldi. Düzünü desəm, başla qol vurmaq mənim ən güclü tərəfim deyil. Amma indi bu fürsəti qaçırdığım üçün çox pis oluram.
- Son 30 dəqiqədə "Tvente" daha güclü görünürdü. Bunu gələn həftəki cavab oyununa necə daşıyacaqsınız?
- Əsas məsələ enerjimizi bərpa etmək və ruhdan düşməməkdir. Biz yaxşı komanda olduğumuzu bilirik. Yenə də qol imkanları yarada bilərik. Əgər cavab oyununda erkən qol vursaq, düşünürəm ki, növbəti mərhələyə yüksəlmək şansımız olacaq.
