“Sabah”ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi müəyyənləşib.
Bakı təmsilçisi sifariş ərizəsinə ümumilikdə 26 oyunçunun adını daxil edib.
Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B).
Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka.
Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B).
Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.
Siyahı ilə tanış olanda narahat olmamaq mümkün deyil. Xüsusilə qapı və müdafiə xətti Valdas Dambrauskas üçün ciddi həyəcan siqnalı sayılmalıdır.
Hücum xəttində müəyyən gedişlər etmək imkanı var. Yarımmüdafiə xəttində isə həm kəmiyyət, həm də keyfiyyət baxımından seçim imkanları diqqət çəkir. Amma qapı və müdafiə xəttində ciddi problemlər görünür.
Stas Pokatilovun bir nömrəli qapıçı kimi qəbul olunması da suallar doğurur. Çünki onu həm əvvəlki oyunlarda, həm də son qarşılaşmada gördük və etibarlı təsir bağışlamadı. İstənilən halda artıq əsas qapıçı statusunda qəbul olunur. Daha ciddi narahatlıq Pokatilovun yoxluğunda alternativin demək olar ki, olmamasıdır.
Düzdür, Amin Ramazanovu qeyd etmək olar. Amma “Qarabağ”dan gələn bu futbolçunun uzun illər ərzində əsasən ikinci və üçüncü qapıçı statusunda olduğunu nəzərə alsaq, onun ciddi oyun təcrübəsinin olmadığını görərik. Buna görə də onu etibarlı alternativ hesab etmək çətindir.
Yəni sabah Pokatilov zədə alsa və ya cəzalı duruma düşsə, Dambrauskas çox çətin vəziyyətlə üz-üzə qala bilər.
Müdafiə xəttində də geniş resursların olduğunu demək mümkün deyil. Bəli, yeni transferlər var, müəyyən adlar var. Lakin yeni transferlər hələlik gözlənilən effekti vermirlər. Komanda bu baxımdan əvvəlki heyətin əsas üzvlərinə daha çox güvənməli olur.
Rəhman Daşdəmirov, Stiv Solvet, xüsusilə də cinah müdafiəçiləri Timoteuş Puxaç və Akim Zedadkanın zədə və ya cəza səbəbindən sıradan çıxması Dambrauskasın işini xeyli çətinləşdirə bilər. Belə vəziyyətdə baş məşqçi müdafiədə yaranacaq boşluqları doldurmaq üçün ciddi baş sındırmalı olacaq.
Ümumilikdə, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacağı nəzərə alınsa, məhz qapı və müdafiə xəttindəki seçim imkanlarının məhdudluğu komandanın ən zəif nöqtələrindən biri kimi görünür.
XANOĞLAN İMANOV
