"Premyer Liqada baş məşqçi işləmək üçün darıxmışam"

14 Mart 2020 18:48 Milli komanda 1 186
"Premyer Liqada baş məşqçi işləmək üçün darıxmışam"

Hazırda Naxçıvan Futbol Federasiyasında böyük məşqçi, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunda baş məşqçi kimi çalışan Əsgər Abdullayev Sportinfo.az-a müsahibə verib.

- Naxçıvan futbolunda hazırkı vəziyyət necədir?

- Burada çox böyük işlər görülür. 2006-dan 2010-cu ilə qədər olan 5 yaş qrupu üzrə uşaq futbolu yaradılıb. Naxçıvan çempionatı keçirilir və hazırda da davam edir.

- Qeyd etdiz ki, son illər Naxçıvan futboluna diqqət artıb. Ümid varmı yenidən böyük futbol Naxçıvana gəlsin?

- Bəli, diqqət və qayğı yüksək səviyyədədir. Gələcəkdə də bu işlər davam edəcək. Futbolun inkişafı üçün hər bir şərait yaradılıb. Biz də bu imkanlardan bəhrələnməliyik. Sonrası zamanın işidir.

- Artıq uzun müddətdir Premyer Liqadan kənardasınız. Kənardan çempionat necə görünür?

- Əvvəlki illərə nisbətən axsamalar var. Klubların sayı azdır. Əsas məsələ odur ki, bizim futbolda bölgə futbolu mütləq olmalıdır. Komandaların sayı çoxalmalıdır. Ki, rəqabət olsun.

- Premyer Liqa üçün darıxırsız?

- Darıxmağa, əlbəttə, darıxmışam. Hər bir baş məşqçi istəyər ki, Premyer
Liqada işləsin. Qismət olarsa, yenidən gəlib işləyərik.

- Əsgər müəllim, siz və sizin kimi təcrübəli bir neçə mütəxəssis sanki bir anda kölgəyə çəkildiniz. Nə baş verdi?

- Bizlərin Azərbaycan futboluna xeyri hələ çox dəyə bilər. Bizim futboldan kənarda qalmağımız doğru deyil. Hərçənd, mən özümün kənarda qaldığımı hesab etmirəm. Çünki hazırda Naxçıvan futbolunun inkişafı üçün əlimdən gələni etməyə çalışıram. Bu da Azərbaycan futboluna bir xidmətdir. Amma hər bir halda məncə, təcrübəlillərin üzərindən xətt çəkmək hələ çox tezdir.

- Ümumiyyətlə, kənarda qaldığınız bu uzun illər ərzində Premyer Liqa klublarından dəvət olubmu?

- Məni tanıyanlar yaxşı bilir. Mən qapı döyən biri deyiləm. Hər zaman fikirləşmişəm ki, nəticə verən məşqçinin qapısını döyərlər. Buna görə də dəvət olmadı, mən də çəkilib oturdum kənarda.

- Milli komandamız artıq 3 aydı baş məşqçisizdir. Hələ də təyinat açıqlanmayıb. Siz bu barədə nə düşünürsüz?

- Təyinat, məncə, artıq çox gecikir

- Əcnəbi yoxsa yerli baş məşqçi olsun müzakirəsi gedir. Sizcə, millimizi kim çalışdırmalıdır?

- Məncə, yerli mütəxəssislərə müraciət olunmalıdır. Bu qədər inamsızlıq olmaz da. Hər halda onlar da mütəxəssisdir. Onlar da nəticə verə bilərlər. Yerli məşqçiyə üstünlük verərdim. Amma əcnəbi olacaqsa, ən pis halda onun ətrafında azərbaycanlı məşqçilər olmalıdır. Elə biri olmalıdır ki, ondan nəsə öyrənə bilsinlər. Gələn əcnəbi məşqçi özü ilə əlavə 5-6 mütəxəssis də gətirməməlidir.

- İctimaiyyətin ən çox müzakirəsini apardığı yerli namizəd Rəşad Sadıqovdur. Bu təyinat millimizə faydalı ola bilərmi?

- Rəşad Sadıqov mən işlədiyim dövrdə U-21-ə dəvət alırdı. Çox tez bir vaxtda əsas komandaya çağrılmağa başladı. Rəşadda idmançı və məşqçi xarakteri var.

- Milli komandanın Millətlər Liqasındakı şansını necə dəyərləndirərsiniz?

- Biz rəqibləri dəyərləndirmək üçün öncə öz gücümüzü bilməliyik. Zəif rəqib olmur, oyuna zəif hazırlıq olur. Rəqibi reytinqlərə bölmək düzgün deyil. Düzgün oynamaq və düzgün seçim etmək lazımdı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”