Azərbaycan millisinin burada bir işi varmı?

14 Mart 2020 13:12 Milli komanda 596
Azərbaycan millisinin burada bir işi varmı?

Azərbaycan UEFA Millətlər Liqasının 2020/21 mövsümündə tanış rəqiblərlə üz-üzə gələcək.

C liqasının 1-ci qrupunda Monteneqro, Kipr və Lüksemburqla qarşılaşacaq yığmamız hər üç rəqiblə əvvəllər də üz-üzə gəlib.

1-ci səbətdə yer alan və bu üzdən favorit sayılan Monteneqro ilə bir qarşılaşma baş tutub. 10 il əvvəlki yoxlama görüşü məğlubiyyətlə başa çatıb. Düzdü, millinin tarixində Monteneqro paytaxtı Podqoritsada uğurlu oyun olub. Amma AÇ-2004-ün seçmə mərhələsində 4 xal aldığımız rəqib Serbiya və

Monteneqro olub – 2:2, 2:1. Bu ölkələr ayrıldıqdan sonra isə monteneqrolularla bir duel baş tutub.

2-ci səbətdən gələn rəqib Kiprlə də bir oyun keçirilib. Bu, uzaq 1996-cı ildə baş tutub. Rəqibin U-21-i ilə görüş sonradan qarşılıqlı razılıqla əsas yığmaların oyunu kimi nəzərə alınıb. Millimiz bu rəqibə yoxlama oyununda 2:0 hesabı ilə qalib gəlib.

Lüksemburqla daha çox – 3 dəfə üz-üzə gələn komandamız uduzmayıb. 10 il öncə rəqibini yoxlama oyununda məğlub edən milli DÇ-2014-ün seçmə matçlarında heç-heçələri sıralayıb. Ümumilikdə isə 3 rəqibə qarşı 5 oyunda 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyəti olan yığmamız 5 qol vurub, 4-nü buraxıb.

Bu rəqiblərlə əvvəlki matçlar

17 noyabr 2010. Podqoritsa. YO. Monteneqro – Azərbaycan – 2:0

20 fevral 1996. Nikosiya. YO. Kipr (U-21) – Azərbaycan – 0:2

3 mart 2010. Lüksemburq. YO. Lüksemburq – Azərbaycan – 1:2

22 mart 2013. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan – 0:0

7 iyun 2013. Bakı. DÇ. Azərbaycan – Lüksemburq – 1:1

Millətlər Liqası onunla maraqlıdır ki, burada komandalar əsasən səviyyə etibarı ilə liqa və ya divizionlara bölünürlər. Yüksəlib-enmək bu yarışı həm də “yarış” sözünə daha da yaxınlaşdırır. Yarış formatı həm də hər bir komandanın inkişaf-tənəzzül qrafikasını əyani görməyə kömək edir.

Yeniləşmiş Liqa ötən yarışdan daha cəlbedici görünür. Birinci qalib kimi Portuqaliya bu dəfə titulunu qoruyan sayılır. Niderlandın paytaxtı Amsterdamda keçirilən püşkatmada 55 qitə üzvünün hamısı iştirakçı kimi əvvəlcədən məlum liqaların qruplarına bölünüb.

İlk 3 divizionda 16, sonuncuda 7 komanda mübarizə aparacaq. Məhz yeni bölünmə sayəsində Almaniya, Polşa və Xorvatiya, habelə İslandiya kimi kollektivlər “A” liqasında qalıblar.

UEFA-nın qərarına əsasən, bu yarışda ilk dəfə VAR sistemi də tətbiq olunacaq. Mübarizə sentyabrda başlanacaq və qrup turniri elə bu il ərzində 3 aya yekunlaşacaq. Sonrakı yarış üçün “C” və “D” divizionlarının tam tərkibi isə 2022-ci ilin martında autsayderlərin pley-offlarında bəlli olacaq.

Yarışın kuboku isə sahibinə 2021-ci ildə qovuşacaq. Gələn ilin iyununda (2-3 iyun – 1/2 final pley-offu, 6 iyun - 3-cü yer uğrunda və final matçları) final mərhələsi turnirin ikinci qalibinin adını tarixə yazacaq. Bu mərhələ qrup qalibi olmuş komandalar arasında və həm də onlardan birinin ev sahibliyi ilə keçiriləcək. Qələbə uğrunda, təbii ki, “A” liqasının komandaları yarışacaq. Divizionun qrupları belədir:
1-ci qrup: Niderland, İtaliya, Bosniya və Herseqovina, Polşa;
2-ci qrup: İngiltərə, Belçika, Danimarka, İslandiya;
3-cü qrup: Portuqaliya, Fransa, İsveç, Xorvatiya;
4-cü qrup: İsveçrə, İspaniya, Ukrayna, Almaniya.

“B” liqasında hər qrupun qalibi “A” divizionuna keçəcək, sonuncu yerlərin sahibləri isə avtomatik “C” liqasında oynamaq məcburiyyəti ilə üz-üz olacaq.
1-ci qrup: Avstriya, Norveç, Şimali İrlandiya, Rumıniya;
2-ci qrup: Çex Respublikası, Şotlandiya, Slovakiya, İsrail;
3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, Macarıstan;
4-cü qrup: Uels, Finlandiya, İrelndiya, Bolqarıstan.

“C” liqasından qaliblər birbaş daha yuxarı diviziona vəsiqə əldə edəcək. Autsayderlər aşağı liqaya düşməmək üçün pley-offda yarışacaq və iki məğlub komanda “D” divizionuna enəcək. Pley-off yarışları 2022-ci il martın 24-25-də və 28-29-da keçiriləcək. Burada da rəqiblər püşklə deyil, reytinqlə müəyyən olunacaq. UEFA təsnifatında 4 autsayderdən ən yüksək reytinqlisi ən aşağı, 2-ci ən yaxşı isə 3-cü ilə üz-üzə gələcək. Əgər bu komandalardan biri, paralel olaraq, 2022-ci il Dünya Kubokunun seçmə raundunun pley-offuna vəsiqə əldə edərsə, digər iki komanda aşağı diviziona yuvarlanacaq.

Divizionun tərkibi belədir:
1-ci qrup: Azərbaycan, Monteneqro, Kipr, Lüksemburq;
2-ci qrup: Gürcüstan, Şimali Makedoniya, Estoniya, Ermənistan;
3-cü qrup: Yunanıstan, Kosovo, Sloveniya, Moldova;
4-cü qrup: Albaniya, Belarus, Litva, Qazaxıstan.

“D” liqasından qaliblər birbaş “C” divizonunda qüvvəsini sınamaq şansı əldə edəcək.
1-ci qrup: Farerlər, Latviya, Andorra, Malta;
2-ci qrup: Cəbəllütariq, Lixtenşteyn, San Marino.

Avropa Millətlər Liqası. “C” liqası. 1-ci qrup. Təqvim.
5 sentyabr
20:00 Azərbaycan - Lüksemburq
20:00 Kipr - Monteneqro

8 sentyabr
22:45 Kipr - Azərbaycan
22:45 Lüksemburq - Monteneqro

9 oktyabr
22:45 Monteneqro - Azərbaycan
22:45 Lüksemburq – Kipr

12 oktyabr
20:00 Azərbaycan – Kipr
22:45 Monteneqro - Lüksemburq

12 noyabr
21:00 Azərbaycan - Monteneqro
23:45 Kipr – Lüksemburq

15 noyabr
23:45 Lüksemburq - Azərbaycan
23:45 Monteneqro - Kipr

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı