İbrahim Şehiç: "Bal ayını yaya qədər təxirə saldıq" - FOTOLAR

24 Yanvar 2020 15:34 Maraqlı 1 235
İbrahim Şehiç: "Bal ayını yaya qədər təxirə saldıq" - FOTOLAR

"Qarabağ"ın sabiq qapıçısı, hazırda isə Türkiyənin I liqa təmsilçisi "Ərzurumspor"un formasını geyinən İbrahim Şehiç yanvarın 3-də 4 ildir birlikdə olduğu sevgilisi Məryəm Tüfəkçi ilə evlənib. Sportinfo.az xəbər verir ki, cütlük toydan bir neçə gün sonra Bosniyanın "Azra" jurnalına maraqlı müsahibə verib.

Məlum olduğu kimi, Sarayevodakı "Swissotel"də baş tutan mərasimdə cəmi 70 nəfər iştirak edib. Əvvəlcə Şehiç toya niyə az qonaq dəvət etmələrinin səbəbini açıqlayıb:

"Məryəmlə qərara aldıq ki, toya yalnız ailə üzvlərimizi dəvət edək. Onun anası, 5 bacısı, atasının ailəsi Sarayevoya gəlmişdi. Biz tərəfdən isə toyda anam, xalalarım, qardaşım, bacım və atam iştirak edirdi. Böyük məclis olmasını istəmədik. Çünki hər şeyi təşkil edə bilməzdik. Vaxt azlığından hətta bal ayına da gedə bilmədik. Bunu yaya qədər təxirə saldıq. Futbol belədir, əvvəlcədən nəyisə planlaşdırmaq çətindir".

Şehiç deyir ki, toyda heç bir detal, mahnı seçimi belə, təsadüfi olmayıb: "Biz ənənəvi ilk rəqsi Ledi Qaqanın "Hər zaman məni belə xatırla" mahnısının sədaları altında etdik. Klipə Məryəmlə birlikdə baxmışdıq və mahnıdakı atmosfer, enerji çox xoşumuza gəlmişdi. Ona görə də dərhal razılaşdıq ki, məhz bu musiqini rəqs etməliyik".

Cütlük öz adətlərinə uyğun şəkildə nişanlanıb: "May ayında tanışlığımızın 4 ili tamam olacaq. Avqustda nişanlanacağımızı elan etdim. Hər şey ənənəvi şəkildə oldu. Ailəmlə birlikdə Məryəmgilə getdik. Bizi onun anası Nəriman xanım, atası Sadiq bəy, bacısı Sumeyya və qardaşı Ermin, həmçinin nənə-babası qarşıladı. Onların əllərini öpdük. Nişan həqiqətən gözəl keçdi".

Daha sonra Məryəm Tüfəkçi Şehiçlə tanış olmasından danışıb. Onun sözlərinə görə, hər şey bosniyalı qapıçı "Jelezniçar"da oynayarkən başlayıb: "İbrahim və mən bir-birimizi əvvəl - qardaşım "Jelezniçar"da məşq edərkən tanıyırdıq. Hətta sonradan həmin vaxt görüşərkən çəkdirdiyimiz fotoları tapdım. Amma rəsmi olaraq, Sarayevoda görüşməyə başlamışıq. O, ilk gündən mənə qarşı çox mehriban olub. İlk gəzintimiz isə ailəmlə birlikdə yaşadığım Ştutqart şəhərində olub. Həmin gün oyuna getmişdik. Yadımdadır, günüm necə pis başlamışdı. Telefonum çantadan düşüb sınmışdı. Şehiçlə görüşə gedərkən bacımdan xahiş etmişdim ki, o da bizimlə gəlib əylənsin. Sanki həmin gün imtahana gedirdim (gülür)".

Onların ilk görüşü şirin əsəbilik və tərsliklə əlamətdar olsa da, toy günü yalnız sevgi və gözəl duyğular cütlüyü müşayiət edib: "Son bir neçə ildə futbolda böyük təcrübə qazanmışam, artıq vacib hadisələrdən əvvəl əsəbləşmirəm. Toyda sakit və xoşbəxt idim. İstəyirdim ki, hər şey yolunda getsin, insanlar əylənsinlər, bir sözlə, bu, ən yaxşı toy olsun. Belə də oldu. Düşünürəm ki, Məryəm də kifayət qədər sakit idi. Bilmirəm, qaldığı otaqda nə baş vermişdi. Rəfiqələri ilə toya hazırlaşanda yəqin, gərginlik var idi. Amma yanımda olanda hər ikimizin sakit və xoşbəxt olduğumuzu, gülümsədiyimizi hiss etdim. İkimiz də ailə quracağımız üçün məmnun idik".

Digər Xəbərlər
Xəbər Lenti