Futbola yox, dost-tanışa ayrılan pul

23 Noyabr 2020 16:00 Köşə 1 433
Futbola yox, dost-tanışa ayrılan pul

Etiraf edək ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına baxmayaraq, indiki “Qarabağ” son illərin ən zəif komandasıdır.

Bunu qrup mərhələsində keçirilən 3 oyunun nəticəsi də sübut edir.

Rəqiblər münasib olsa da, “köhlən atlar” hələ də xal qazana bilməyiblər. Top fərqi isə belədir: 1:6.

Çempionatda isə tam fərqli mənzərədir. “Qarabağ” son 3 oyunda hər bir rəqibinin qapısından 6 top keçirib. Rəqiblər kim olsa yaxışdır?

Azərbaycanı bu yay avrokuboklarda təmsil edən klublar. Hamısı da AFFA-dan, yəni dövlətdən maliyyələşir. Yəni “Qarabağ”ın xeyli zəifləməsinin əsas səbəbi birbaşa çempionata bağlıdır.

Bərbad çempionata. Azərbaycan futboluna ayrılan vəsait ölkədə nə tibbə, nə də təhsilə ayrılmır. Hətta təhsilin də payından kəsib, futbola ötürürlər.

Nəyə görə yaradıldığı kimsəyə məlum olmayan komandaya. İldə 6 milyon manat vəsait “Keşlə”yə ayrılır.

Bu çempionatda bir komandanın illik xərcləri üçün 2 milyon manat xirtdəkdən bəsdir. Yəni “Keşlə”yə ayrılan vəsaitlə əlavə 2 komanda da saxlamaq olardı. Birini Tovuzda, birini də Zaqatalada.

Cəhənnəm olsun, futbol, cəhənnəm olsun Azərbaycanın maraqları, arada xətir-hörmət, duz-çörək var axı, ayıb olar.

Bir o “Səbail”ə də baxın. Elə onun da illik cibxərcliyi 6 milyon civarındadır. Azərbaycanın bölgələrində - Masallıda, Lənkəranda, Yevlaxda, Qazaxda, Qusarda futbol olmadığı halda, Bakıda oğul üçün yaradılan “oyuncaq”.

Nədir, nədir, başını qarışdıracaqmış. Bir az qarışdırdı, darıxdı, verdi “oyuncağı” əmioğluya. Azərbaycanın bölgələrində futbol olmasa da olar, əsas odur ki, oğulun, qardaşoğlun “oyuncaqsız” qalmasınlar, darıxmasınlar.

Bax, “Qarabağ” belə bir çempionatın təmsilçisidir. İndi mən durub “Qarabağ”dan Avropa Liqasında nəticə tələb edəcəyəmsə, olacağam dünyanın ən ədalətsiz, ən məntiqsiz, ən vicdansız adamı.

Ona görə də, etmirəm bunu. Mən “Qarabağ”ın zəifləməsinin səbəbini bilirəm. Bu səbəbin səbəbkarlarını da tanıyıram. AFFA rəhbərləridir o səbəbkarlar.
Azərbaycan müzəffər ordusunun sayəsində ərazi bütövlüyün təmin etdi.

Azərbaycan xalqı düşüncələrinə qədər dəyişir. Və bu xalq inanır ki, bir müddətdən sonra Azərbaycan futbolu da dəyişəcək.

Yox, Azərbaycan futboluna rəhbərlik edənlərin düşüncələri dəyişməyəcək. Çürük düşüncənin xilası yoxdur. Futbola rəhbərlik edənləri dəyişdirəcəklər. Mütləq dəyişdirəcəklər.

Dəyişdirməsələr, cəmiyyətin dəyişikliyi ilə uzlaşma olmayacaq. Azərbaycan futboluna ayrılan vəsait qohum-əqrəbaya, dost-tanışa yox, futbola sərf olunmalıdır.

Onda bu ölkədə futbol da olacaq. Mütləq olacaq. Darıxmayın, azca da səbir edək!

Natiq Muxtarlı

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!