
Ərazisinə görə Azərbaycandan, təxminən 3 dəfə kiçikdir bu ölkə. 28 min kvadrat kilometrdir ərazisi.
Əhalisi də biz qədər – 10 milyon.
Dünyanın, iqtisadi cəhətdən ən zəif inkişaf etmiş ölkələrindən biridir. Adambaşına düşən illik gəlirə görə 203-cü yerdədir. Hindu dilindən tərcümədə “Dağlar ölkəsi” mənasını verir Haiti.
Amma bu kasıb, dağlıq ölkə Azərbaycanda “xüsusi adam” ola biləcək futbolçu yetişdirir. Bu “xüsusi adam” isə ölkənin “qüruru” sayılan “Qarabağ”ı, “flaqman”ı hesab edilən “Neftçi”ni təhqir etmək səlahiyyətinə də sahib olur Azərbaycanda.
Niyə?
Niyəsini hamımız bilirik. Bütün dünya koronavirusla mübarizə aparır, ölkələrin iqtisadiyyatı çöküb. Hamı bu çətin dönəmdən minimum itki ilə çıxmağın yolunu axtarır. İdman, demək olar ki, yada düşmür.
Azərbaycan yığması bu il bircə oyun da keçirməyib. Heç keçirəcəyi də bəlli deyil. Əslində bu yığmanın oyun keçirib-keçirməyəcəyi də indi Azərbaycanda kimisə maraqlandırmır.
Hamı canının və qarnının hayındadır. Koronavirusa yoluxanların sayı gündən-günə artır. 190 manata möhtac qalanlar da acından ölməmək üçün səy göstərirlər.
AFFA da bu dəhşətli dönəmdə Roy Kin adlı birinə təklif göndərir ki, gəl bizim yığmanı çalışdırır. Ona illik 2,4 milyon avro məvacib də vəd edirlər. “Kin çox məvacib tələb etməyib” xəbərinə fikir verməyin.
İngiltərə futbolunda illik 2,4 milyon avro çox məvacib sayılmır. Kin, bəlkə də ekspert kimi elə bu qədər qazanır. Amma məşqçi kimi özünü sübut edə bilməyib. Sübut edə bilsə, Premyer Liqa klublarından təklif alıb ilə 5-6 milyon avro qazanar. Ona görə də “dəlləkliyi” öyrənmək üçün “müştəri” axtarır.
“Müştəri” də öz ayağı ilə gəlib çıxıb. Özü də elə vaxtda gəlib çıxıb ki, Azərbaycanda hər gün 10-a yaxın insan koronavirusdan dünyasını dəyişir. Az qala hər gün bir həkimimizi virusla mübarizədə itiririk. O həkimin orta ayılıq məvacibi isə 500 manatdan yüksək deyil.
AFFA isə israrla xaricdə məşqçi axtarır. Azərbaycan vətəndaşlarının 190 manata möhtac olduğu vaxtda, əcnəbiyə ildə 2,4 milyon avro verməyə hazırdır. Hələ o əcnəbinin özü ilə gətirəcəyi köməkçilərinin də məvacibini hesablasaq, rəqəm böyüyəcək, milyonlarla valyuta ölkədən çıxarılacaq.
AFFA Roy Kinə o vaxt təklif göndərir ki, onun, xalqın vəsaiti hesabına maliyyələşən iki klubu bir haitilinin üstündə dava salırlar. Haitili bir dəfə təhqir etdiyi “Qarabağ”ın düşərgəsinə qayıdır və özünü burda “xüsusi adam” kimi hiss etdiyini deyir.
Roy Kinə 2,4 milyon məvacib verən AFFA Donald Gerye kimi bircə futbolçu da yetişdirə bilməyib. Ya da yetişdirmək istəməyib. Hanı “Azersun”un “Qarabağ”a ayırdığı vəsait?
Əcnəbilərin hesabına avrokubokların qrup mərhələsində oynamaqdır bu vəsaitin nəticəsi? Hanı yetişdirdikləri Gerye?
Hanı SOCAR-ın “Neftçi”yə ayırdığı vəsait? O nefti min əzabla çıxardan neftçinin cəsədi 5 il sonra tapılıb ailəsinə təhvil verildi axı.
Niyə o neftin puluna bu xalqın övladlarının futbolçu olması üçün infrastruktur yaradılmır?
Niyə bizdə də heç olmasa, Gerye kimi futbolçunun yetişdirilməsinə cəhd edilmir?
Niyə rayonlarda, top, forma, meydança üzünə həsrət qalan uşaqların gündən yanmış simalarına baxmaq istəmir AFFA rəhbərliyi?
Əvəzində Haitidən Geryeni gətirib burda “xüsusi adam” edirik. O da təhqir edir hamımızı. “Neftçi”ni də, “Qarabağ”ı da. Ölkədə, dünyanın ən kasıb ölkəsi olan Haitidən gələn Gerye səviyyəli bircə futbolçu da yoxdur.
AFFA yığma komandaya xaricdə baş məşqçi axtarır. İllik 5 milyon manat məvacibə. Korrupsiya deyil, nədir bu? Ölkəyə qarşı düşmənçilik deyil, nədir bu?
Xalqa qarşı nifrət deyil, nədir bu?
Qara maskalılar AFFA-ya nə vaxt daxil olacaqlar?
Natiq Muxtarlı