Elxan Məmmədovun Novruzəliləri

17 Noyabr 2019 12:52 Köşə 1 786
Elxan Məmmədovun Novruzəliləri

DÇ-2018-in seçmə mərhələsində AFFA yaxşı sloqan tapmışdı - "Niyə də yox?!" Guya, biz "niyə də yox" deyə-deyə dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqdıq. Hər oyundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov mikrofonlar önündə çıxışını yarı rus, yarı azərbaycan ləhcəsilə "milliyə inanmaq lazımdı. Niyə də yox?" deyərək bitirirdi. Millimiz Bakıda Şimali İrlandiyaya uduzduqdan sonra "niyə də yox" getdi "çala-çala".

Gəldi, AVRO-2020. İlk dəfə qitə çempionatının bir neçə oyununa Bakı da ev sahibliyi edəcəkdi. Bunun üçün dövlət büdcəsindən xeyli pul ayrıldı, qalaq-qalaq tədbirlər keçirildi, Krespo gedib, Nihat gəldi, Deko səhər yeməyinə, Toldo şama dəvət olundu.

Əslində püşk sarıdan da vəziyyət dəhşətli deyildi. Qrupun aşkar favoriti Xorvatiyanı çıxmaq şərti ilə digər komandaların hər biri ilə oynamaq mümkün idi. Uels, Slovakiya, Macarıstan hazırda Avropada ortabab statusundadırlar. Amma nə baş verdi? Nə qətiyyəti, nə dərin məşqçilik savadı olan Yurçeviç Bakıda Slovakiya və Macarıstana biabırçı hesablarla uduzdu. Əslində AFFA-nın baş katibinə belə məşqçi sərf edirdi, nə deyir "ağa, bəçeşm" cavabı eşidir, Yurçeviç sakit, başıaşağı adamdır. Amma bu da müəyyən mərhələyə qədər sərf edir. Seçmə mərhələnin sonunda AFFA da yuxarıların qarşısında hesabat verməlidir. Xorvatiya ilə oyunda qazanılan 1 xal cənab baş katibin üzünü ağartmayacaq. Adama deyərlər məni nə ilə təbrik edirsiniz? Dütdülü ilə?

Daha bir seçmə mərhələ boşa verilir, ömürdən illər, büdcədən pullar gedir, ortada isə heç nə yoxdur. Milyonların hesabına yığmaya cəlb olunmuş Dmitri Nazarov, Eddi İsrafilov kimi legionerlər də komandanı xilas edə bilmirlər. Eddi demişkən, dünən yığmamız uelsli azarkeşlərin gözü önündə Bakıda uduzanda İsrafilov "Albasete"nin heyətində fərqləndi. İsrafilov isə AFFA-nın dediyinə görə, texniki problemə görə, Uelslə oyuna gəlmədi. Guya məktub vaxtında İspaniya klubuna çatmayıb. Onsuz da federasiya indi Cəlil Məmmdquluzadənin "Poçt qutusu"na oxşayır. Elxan Məmmədov xan, digərləri isə Novruzəli rolunda.

"Poçt qutusu" "Novruzəli" (oxu: Eddi İsrafilov məsələsi - C.) söhbəti təzəcə səngiyirdi ki, AFFA bizi yenə Avropa mətbuatının manşetlərinə çıxardı. Federasiyanın Qeydiyyat şöbəsində işləyən xanım əməkdaşını Rayan Giqqzlə Qaret Beylin önünə çıxardılar ki, gəl tərcümə elə. Görəsən, AFFA-da bu qədər tərcüməçi ola-ola bu ideya hansı "ağıllının" beyninin məhsulu idi? "Beyl kimdir" deyən zavallı qız tərcüməçilikdən uzaqlaşdırıldı. Əvəzində Britaniya mətbuatı həmin məsələyə geniş yer ayırıb, bizimkilərlə o ki var məzələndi.

Elxan Məmmədov dünən yenə mətbuata açıqlama verməyib aradan çıxdı. Amma nə vaxta qədər? Başa düşürük, AVRO-2020-yə kimi təminatınız var ki, postumdayam. Amma prezidentin son islahatlarından sonra bir səhər sizin də adınızı xəbər saytlarında könüllü istefa verənlər arasında oxusaq, təəccüblənmərik.

CAVİD

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”