Sizə verilən pulun yarısının yarısını... "Qoca qurd"un nağılları

23 İyun 2023 20:40 Köşə 2 079
Sizə verilən pulun yarısının yarısını...  "Qoca qurd"un nağılları

Berti Foqtsdan canımızı qurtarmağımızın 10 yox, heç 9 ili tamam olmayıb.

İndi də başqa bir qocaya – Canni de Byaziyə ilişmişik. Bircə ad-soyadları fərqlidir. Hə, bir də təmsil etdiyi ölkələrin adı. Qalan hər şeydə eynidirlər, sanki eyni ana doğub ikisini də.

15 il əvvəl Foqtsun getdiyi yolu indi italyan çalışdırıcı uğurla davam etdirir. Azərbaycana gəldiyi ilk günlərdə işıqlı gələcəkdə dəm vuran 67 yaşlı çalışdırıcı millimizin hər uğursuzluğundan sonra bəhanə tapmağı bacarır.

Estoniyayla heç-heçədən sonra jurnalistlərin sərt sualları ilə üzləşən Canni çıxış yolunu qrupdakı rəqiblərin adını qabartmaqda tapdı. Yəni, Belçika, İsveç, Avstriya kimi rəqiblər güclüdür deyə, millimiz bu gündədir. Hətta söz də atdı ki, bəs, bundan artıq nə gözləyirdiz? Hələ yaxşı təklif aldığını, AFFA ilə müqaviləsi olduğuna görə getmədiyini də boynumuza qoydu.

Dünyanın heç bir yerində məşqçilər bu cür absurd fikirlər səsləndirmir. Nə sirri-xudadırsa, Azərbaycana gələn ad-sanlılar bu fikrə düşür, bu cür ideyalar gəlir ağıllarına.

İnanın və əmin olun ki, deyilənlər nə Foqtsun, nə də De Byazinin ağlının ucundan keçənlərdir. Həmin fikirlər hansısa azərbaycanlıya və ya azərbaycanlılara məxsusdur. Məşqçiləri bura gətirənlərə, burada onlara havadarlıq edənlərə.

Dünyanın hər üzünü görmüş bu məşqçilər havadarları tərəfindən öyrədilir, pultla idarə olunur. Ona görə də ortaya bu cür mənzərə çıxır.

Onlara qalsa, başqa cür danışarlar. Onlara qalsa, başlarını götürüb qaçarlar. Onlara qalsa, jurnalistlərin gözlərinin içinə baxıb yalan danışmazlar. Hər ikisi Avropa çempionatının final mərhələsini görmüş məşqçilərdir. Azərbaycandan qazanılan 300-500 min olmasa, ölməyəcəklər ki.

Kimlərsə şəxsi maraqlarını güdərək onları postunda qalmağa və hər uğursuzluqdan sonra danışmağa məcbur edir. Və yekunda həmin şəxs(lər) öz istəklərinə çatır, şəxsi büdcələri zənginləşir.

Canni müəllim, Belçika, Avstriya, İsveç kimi yığmaların bizdən iki baş üstün olduğunu bilirik. Millimizi AÇ-2024-ün finalında görmək arzusu ilə yaşayacaq qədər axmaq da deyilik. Millimizin kəramətinə yaxından bələdik.

Belədirsə, sizə nə gərək var? Neynirik sizin kimi cib dolduran əcnəbini? Özümüzdə İsveçə 0:5 uduzacaq, Estoniya ilə heç-heçə oynayacaq o qədər məşqçi var ki. Sizə verilən pulun yarısının yarısını onlara versələr, hətta Estoniyanı udmaq da olar.

Siz və sizin əlinizlə pul qazanıb Azərbaycan futbolunu yan üstə qoyanlar çörəyi harasına aparır bilmirəm, amma bizim çörəyi qoyduğumuz yer qulağımız deyil, ağzımızdır.

HƏBİB

Xəbər Lenti