Udanda şirə dönüb, uduzanda gizlənən “Neftçi”lilər

17 May 2023 20:00 Köşə 2 455
Udanda şirə dönüb, uduzanda gizlənən “Neftçi”lilər

Peşəkar futbolçu komandası udanda da, uduzanda da mətbuata açıqlama verən, meydanda yaşananlardan ictimaiyyəti xəbərdar edəndir.

Yəni, bir futbolçu komandası qalib gələndən sonra jurnalistin uzatdığı diktofonun qarşısında bülbül kimi ötürsə, məğlub olandan sonra da bunun açıqlamasını verməlidir.

Nə yazıq ki, “Neftçi”dəki legionerləri əksəriyyəti dediyimiz peşəkarlıqdan uzaqdır.

Cari mövsümdə “ağ-qaralar”ın qalib gəldiyi oyunlardan sonra dəfələrlə İvan Brkiç, Voislav Stankoviç, Salomon Kvirkveliya, Ataa Caber kimi əcnəbilərə yaxınlaşıb fikirlərini öyrənmişəm.

Heç bir halda etiraz edən olmayıb. Məmnunluq hissi ilə 90 dəqiqə ərzində yaşananlardan danışıb, qələbə təəssüratlarını bölüşüb.

Son iki oyundan sonra gəlmələrin heç biri mətbuata açıqlama vermək istəmir. Mətbuata danışmamağın adı isə gizlənməkdir. Yəni, Brkiç, Sayef və Caber kimi əsas heyət üzvləri bir növ yenilgilərin arxasında gizlənir.

Komandası qalib gələndə “mən də varam” deyib, uduzanda qapı arxasında gizlənən bu adamlar bu gün “Neftçi”nin şanlı formasını geyinir. İllərdir ağ-qara rənglərə könül verən fanatlar da onlardan nəsə umaraq tribunadan dəstəkləyir.

Razıyam, jurnalistə müsahibə vermək futbolçunun boynunun borcu deyil. Danışmaq istəmirsə, onu buna heç kim məcbur edə bilməz.

Amma udanda aslan qiyafsəsində ortalıqda görünüb, uduzanda qaçıb avtobusda gizlənmək, ya da zənglə mesaja cavab verməməyin adı başqadır.

Ümid edək ki, klubun mətbuatla əlaqələndiricisi olan Rüstəm Allahverdiyev məlum mövzuyla bağlı futbolçularla danışar, burada yazılanları legionerlərin diqqətinə çatdırar.

Təbii ki, klubun bunda marağı varsa.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti