Ayxan Abbasov daha başqa nə etməlidir ki..?

3 Avqust 2021 21:00 Köşə 989
Ayxan Abbasov daha başqa nə etməlidir ki..?

Ayxan Abbasov ölkə kubokunun finalına çıxır, tərif edirik.

"Sumqayıt" kimi komandanı avrokuboklara aparır, tərif edirik.

Kiçik büdcə ilə "Qarabağ" və "Neftçi" kimi komandalara badalaq vurur, tərif edirik.

Bu qəbildən olan misalları daha da uzatmaq olar. Məncə, yetərlidir. Həm də birmənalı şəkildə haqqlı təriflərdi!

Amma Konfrans Liqasının II təsnifat mərhələsində onun komandası uduzan kimi, həmin təriflər üçün qınanırıq.

"Bu da sizin Ayxan Abbasov", "bu da sizin "Sumqayıt" deyə.

Bərəkallah. Olmuya, büdcəni də Ayxan müəllim artırmalıdır? Olmuya, cibindən pul verib, sanballı futbolçular transfer etməlidir?

Yox, bəylər, bunlar da onun işi deyil. Onun işi məhdud büdcə, kasad heyət və bəzi lazımsız futbolçularla əzimkar komanda yaratmaqdır. Heç bu da onun mütləq borcu deyil. Sadəcə bacarığıdır! Ki, o da bunu illərdi uğurla bacarır.

"Çukariçki"yə məğlubiyyətə görə də onu qınamaq yox, "sağ ol" demək lazımdır. Layiqli mübarizə, sona kimi göstərilən dirəniş üçün.

Xanoğlan İmanov

Xəbər Lenti