Dostları Qurban Qurbanova belə kömək edir?

17 Aprel 2021 20:20 Köşə 1 139
Dostları Qurban Qurbanova belə kömək edir?

Gənc və perespektivli məşqçilərimizdən sayılan Aftandil Hacıyev məşqçiliyin sirlərini "Qarabağ"da öyrənib.

İlk addımlarını ağdam təmsilçisində atan Hacıyev bu gün kiçik büdcə və böyük problemlərə rəğmən "Səbail"də mübarizə kollektiv yarada bilib.

Maliyyə imkanları yaxşı olanda isə hətta komandanı Avropa Liqasına daşımağı bacarmışdı.

"Məşqçilikdə ilk addımlarını "Qarabağ"da atan və bu gün adından söz etdirən təkcə Aftandil müəllim deyil. Bu siyahıya Ayxan Abbasov, Rəşad Sadıqov kimi simaları da daxil edə bilərik. Abbasov artıq neçə ildi həm "Zirə"də, həm "Sumqayıt'da göstərdiyi nəticələrlə özünü isbatlamağı bacarıb. Rəşad Sadıqov isə həm "Qarabağ"ın U-19 komandasını, həm 21 yaşlılardan ibarət millimizi çalışdırarkən onda müsbət məşqçi elementləri qabarıq biruzə vermişdi. Əbəs deyil ki, mövsümün əvvəli demək olar sıfırdan yığıdığı kollektiv bu gün rahatlıqla ilk üçlükdə qərarlaşıb və ölkə kubokunda da mübarizəni davam etdirir.

Adıçıkilən hər üç mütəxəssis "Qarabağ"da məşqçiliyə başlamaqla bərabər, həm də ağdamlıların baş məşqçisi Qurban Qurbanova çox yaxın insanlar kimi tanınırlar. Münasibətlərin istiliyini nəzərə alsaq onlara möhkəm dostlar da deyə bilərik. Əbəs deyil ki, hər üç mütəxəssis üçün də Qurban Qurbanovun xüsusi yeri var.

Məhz sadaladığım məqamlardan istifadə edən fürsətci dəstə hər addımda bu münasibətdən istifadə etməyə çalışır. Necə? Çox sadə.

"Qarabağ"ın "Səbail", "Zirə" və "Sumqayıt"la oyunlarda qazandığı qələbələr zaman-zaman kölgə altına alınır. Şəxsi münasibətlərdən, adıçəkilən mütəxəssislərin "Qarabağ"a bağlı keçmişlərindən sui istfadə olunur. Güya ki, məhz bu amillərə görə Ayxan Abbasov, Aftandil Hacıyev və Rəşad Sadıqov Qurban Qurbanovun komandasına qarşı oyunlarda gözüm üstə qaşın var demirlər. Meydana çıxıb, rahatca təslim olurlar. Bir sözlə, "Qarabağ" üçün çempionluq dəhlizi açmaqla məşğuldular.

Digər klub azarkeşlərinin bu yanaşması normaldı. Axı onlarda fanatdı. Bəs bunu iddia edən jurnalistə, federasiya rəsmisinə, sabiq klub işçisinə nə deyəsən? Qərəz! Uğura kölgə salmaq! Siz başqa ad tapa bilərsiniz? Məncə, yox! Çünki kiməsə ləkə atan adamların bundan yumuşaq adı ola bilməz.

Əvvəla belə köməklə çempion olan "Qarabağ"ın bəs avropada dadına kim çatır? Orada da Ayxan, Aftandil və ya Rəşad Sadıqov var?

İkinci məsələ isə heç tunir cədvəlinə, mövsüm ərzində bu komandalar arasındakı oyunlara baxmısınızmı? Yəqin ki, baxmısınız, amma üstündən keçmisiniz. Çünki qərəz, kin gözünüzü kor edib.

Yazıram, bir də burdan oxuyarsınız. "Qarabağ" bu mövsüm "Səbail", "Sumqayıt" və "Zirə" ilə oyunlarda 10 xal itirib. 10 xal! Bilirsiniz bu nə deməkdir? Bu qədər xal itkisi olmasa, Qurbanov indi avrokubokların planlarını cızar, növbəti ilin heyətini qurmaqla məşğul olardı. Dostları Qurbanova belə kömək edir?

Mövsüm ərzində "Qarabağ"la iki dəfə heç-heçə edən "Sumqayıt"ın baş məşqçisinin haqqını yediyiniz üçün utanmaq hissi sizə gəlmirmi? Bəs "Qarabağ"la bu mövsüm 2 dəfə heç-heçə edən "Səbail"in baş məşqçisinə, bir dəfə heç-heçə edən "Zirə"nin baş məşqçisinin haqqına girmiş olmursunuz? Haqqlarına girdiyiniz üçün xəcalət çəkmirsinizmi?

O qədər bu dostumdu, o tanışımdı deyib, kimlərinsə haqqını yemisiniz ki, hamını da özünüz kimi fikirləşirsiniz. Amma arada Ayxan, Aftandil, Rəşad kimi dürüst adamları da tanımağa çalışın. Ki, bəlkə, özünüz də düzəlmiş olarsınız.

Xanoğlan İmanov

Xəbər Lenti