"Yanıma gəldilər, dedim, istəsəz, komanda qurun"

6 Avqust 2022 02:10 Şamaxı 1 038
"Yanıma gəldilər, dedim, istəsəz, komanda qurun"

“Xəzər universiteti”nin keçmiş prezidenti Hamlet İsaxanlı jurnalistlərə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, sabiq klub rəhbəri bu cür danışıb:

“Şamaxı” və futbol gözəl, dərin mövzudu. 200 il əvvəl Azərbaycanda iki böyük şəhər var idi, Gəncə və Şamaxı.

Şamaxı tarixini qoruyub-saxlayıb, tarix dəyişmir. Tarixi olan yer müasir dövrdə də özünü elmdə, siyasətdə göstərməlidi.

Əvvəllər insanlar kilsələrə, məscidlərə axışardı. İndiki dünya başqa cürdü, insanlar stadionlara axışır. Kollektiv idmanın mərkəzində futboldu.

Dünyada futbol qədər sevilən ikinci komanda oyunu yoxdu. Şamaxıda futbol olub. Tarix “Xəzər Universiteti”ndən başlanılıb. Bir dəfə mənə dedilər ki, üç tələbə gəlib, sizinlə söhbət etmək istəyir.

Dedilər biz burada oxuyuruq, futbol oynamaq istəyirik, futbolçuyuq. Üçü də Azərbaycanın gənclər yığmasında oynayırdı. Biri Elmar Baxşıyev idi.

Borcumuzdu ki, tələbələr stadionla təmin olunsun. Dedim istəsəniz, komanda qurun. Təəssüf ki, universitetlər liqası yox idi. Həvəskarlar Liqası var idi.

İsmayıl Əliyev adlı məşqçini dəvət etdilər. Onlardan soruşdum ki, biz Həvəskarlar Liqasından peşəkarlara keçə biləcəyik? Dedi, asan iş deyil.

Böyük işlər heç vaxt asan olmur, zəhmət tələb edir. Universitet kimi gücümüz var idi və bunu etdik. Həvəskarlar Liqasında oynadıq və ikinci il üst yerlərdəydik.

Bir ildən sonra yüksək liqada oynamaq istəyirdik. Bildirdilər ki, bir komanda yüksək liqadan çıxır, gəlin oynayın. Biz də oynamağa başladıq.

Pis də oynamadıq. Yarıdan çoxu öz tələbələrimiz idi, kənardan bir az təcrübəli futbolçular da gətirdik. 2004-cü ildə dedilər komandaların büdcəsi böyüyəcək.

Sonradan klubların büdcəsi böyüməliydi. Bu da universitet imkanlarından uzaq idi. Futbolçularımızı almaq istədilər. Mən də dedim heyfdi, yaxşı komandamız var.

Sonradan Beynəlxalq Bank komandaya sponsorluq etdi, “Xəzər Universiteti” “İnter” oldu. Komanda “Keşlə” adlananda izləyirdim, uğurları yox idi.

Fikirləşirdim, sahib çıxan olsa, sevinərdim. Bu komandanın Şamaxıya gəlməsinə çox sevindim. Ən yaxşı universitetlərimiz regionlarda olmalıdı.

Şamaxı da gözəl yerdi. Camaat da futbolu istəyir. Biz futbola, futbol xalqa xidmət edir. Ağdamı dünyada heç kim tanımırdı.

Amma “Qarabağ” Ağdamı təmsil edir, tanıdır. Erməni politoloqlar müzakirə edirdilər ki, azərbaycanlılar necə layihə düzəldiblər, Qarabağı bu cür dünyaya tanıdırlar.

“Şamaxı”nın uğur qazanacağından şübhəm yoxdu. Tahir Gözəl mənə danışırdı ki, Qurban Qurbanovla beş illik planla işləyirdim.

Ona deyirdim ki, “beş il oynayacasınız, oyunçu seçəcəksiniz, beş ildən sonra soruşacam ki, məqsədimiz nədir?”

İndi də bu cür komanda olublar. Şübhə etmirəm ki, “Şamaxı” da “Qarabağ” kimi klub olacaq. Əlimizdən gələnlərlə kömək edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!