"Gərək "diş" göstərəsən ki, bir az rahatlıq olsun"

22 Aprel 2021 20:20 Şamaxı 854
"Gərək "diş" göstərəsən ki, bir az rahatlıq olsun"

"Oyuna əla motivasiya olmuşduq. Komanda daxili ab-hava yüksək səviyyədəydi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin qapıçısı Kamal Bayramov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Zirə"yə uduzduqları (1-2) oyun haqqında danışarkən deyib.

Təcrübəli futbolçu məğlubiyyəti belə əsaslandırıb: "Oyuna istənilən səviyyədə başlamadıq. Külək amili böyük rol oynadı. Hər iki hissədə standart vəziyyətlərdən sonra qapı qarşısında böyük çətinliklər yaşanırdı.

Elə qollar da küləyin nəticəsində gözlənilməz şəkildə qapımızdan keçdi. İkinci hissə məğlub olan tərəf "Zirə" idi deyə, davamlı hücumlar etməsi gözlənilən idi.

Sadəcə, erkən buraxılan qol psixoloji cəhətdən mənfi təsir elədi. Rəqibin də səfər qoluna görə motivasiyası yüksəldi".

Bayramov buraxılan qollarda yalnız müdafiəçilərin günahkar olmadığını qeyd edib:

"Həftə ərzində "Zirə"ni analiz eləmişdik. Hücuma necə çıxmaqlarının, müdafiənin arxasına etdikləri ötürmələrin üzərində işləmişdik. Biri var bilməyəsən, biri də var ki, bildiyimiz epizodlardan qollar buraxdıq.

Deməzdim ki, müdafiənin günahı oldu. Müdafiə də hücumdan başlanır. 90 dəqiqə də müdafiə olmaq olmaz. Gərək hücumda rəqib komandaya "diş" göstərəsən ki, müdafiə üçün də bir az rahatlıq olsun. Baş məşqçimiz cavab görüşünə kimi analiz edəcək".

Kamal Bayaramov cavab görüşü öncəsi hələ heç nəyin bitmədiyi qənaətindədir: "Zirə"nin qapısı ağzında demək olar qol epizodu yaratmamışıq. Bunların üzərində işləməliyik.

Hələ heç bir şey itirilməyib. Səfərdə iki qol vurub finala yüksələ bilərik. Oyunu penallara aparıb şansımızı sınaya bilərik. Qarşıdakı 90 dəqiqədə hər şeyə aydınlıq gələcək.

Amma son iki oyunumzda az da olsa eniş görsənir. Bunu aradan qaldırmaq bizim üzərimizə düşür. Çünki rəhbərlik və məşqçi tərəfindən nə lazımdırsa edilir.

Biz futbolçular özümüzü psixoloji cəhətdən bu oyuna kökləməyi bacarmalıyıq. Çox yüklənmək ziyana da işləyə bilər. Necə ki, son oyunda bu bizim ziyanımıza işlədi. Motivasiyasımız əlaydı. Oyuna həddidən artıq köklənminmişdik".

Digər Xəbərlər
Xəbər Lenti