“Yuventus” “Real”ın yarımmüdafiəçisi Brahim Diası transfer etməkdə maraqlıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Turin təmsilçisi mərakeşli futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri kimi nəzərdən keçirir.
Əvvəllər “Yuventus” Bernardo Silva (“Mançester Siti”nin yarımmüdafiəçisi) üçün mübarizə aparmağı planlaşdırsa da, Çempionlar Liqasına vəsiqənin qeyri-müəyyən olması və maliyyə məhdudiyyətləri bu planı çətinləşdirib. Bu səbəbdən, klub alternativ variantlara yönəlib.
26 yaşlı yarımmüdafiəçinin “Real”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Onun gələcəyinə isə əsasən Joze Mourinyonun təsir edə biləcəyi deyilir.
Mətbuatın iddiasına görə, portuqaliyalı mütəxəssis “Real”ın gələcək baş məşqçisi olarsa, o, Diasın komandada qalması və ya ayrılması barədə həlledici qərar verə bilər.
Dias cari mövsümdə Madrid təmsilçisinin heyətində 27 oyunda iştirak edib.

