Sonuncu dəfə çempionluq taxtına 2021-ci ildə əyləşmiş «Neftçi» son Azərbaycan derbisinə çıxan «Neftçi» qədər güclü deyildi.
Yuri Vernidub axır 2-2,5 ayda aldırdığı legionerlərlə onu başqa bir levilə çatdırıb.
Bu, günün həqiqəti və gerçəyidir.
«Neftçi» azarkeşlərini buradan təbrik etmək istəyirəm. Arzuladıqları komanda artıq yaradılıb.
Bu aralar çox iş görülüb.
Vernidubun «çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq» deyimi sürətlə yerini tapır. Hətta gözlədiyimdən də yüksək templə gedir bu proses.
Freddi Varqas və Emin Mahmudov kimi ötən mövsümün seçilən isimləri bu gün ehtiyatdadır. Baş məşqçi onları 90 dəqiqə əyləşdikləri yerdən tərpətmir.
Vernudub istəklərini oyunboyu yerinə yetirə biləcək və bilən futbolçuları meydana buraxır. Varqas çox vaxt özü üçün oynayır,
Mahmudovun isə daim hərəkət etməklə arası yoxdur. Bu ikili meydanda olanda «Neftçi» rəqibinə Vernidubun arzuladığı sürəti verə, sonadək dinamikanı təmin edə bilmir.
Qustavo Klisman və Breno Almeyda onların yerini tutub, özü də nə tutub! Hələ bu siyahıya Draqolyub Saviçi də əlavə etməliyik.
Vernidub öz üzərinə düşən işi görür. Hələlik yalnız bəxt öz işini görmür. Nəyəsə görə ondan yaman üz çevirib, heç barışmaq istəmir.
«Neftçi» bu oyunu, istəyi və yaratdığı epizodlarla öncə «Sabah»ı, indi də «Qarabağ»ı udmağa çox yaxın idi. Şansızlıq xırda, amma vacib elementlərdə özünü «Neftçi»yə pis tərəfdən göstərdi.
Bununla belə, «Neftçi»nin çempionluq yarışından sonadək qopmayacağı qənaətindəyəm. Bu yoldan onları yalnız özləri döndərə bilərlər.
Vernidubun da buna imkan verəcəyinə inanmıram. İşindən möhkəm yapışıb.
ELNUR
