Bu qələbənin arxasında kimlər dayanır? - Görünməyən qəhrəmanlar

16:40 I Divizion 195
Bu qələbənin arxasında kimlər dayanır? - Görünməyən qəhrəmanlar

Birinci Liqanın 5-ci turunun mərkəzi qarşılaşmasında “Karvan-Yevlax” “Gəncəbasar”ı məğlub etməyi bacardı.

Lider “Şahdağ-Qusar”ın gözlənilmədən “Xankəndi”yə uduzmasından sonra qərb təmsilçisi ilk pilləyə yüksəlmək üçün yaxşı şans qazanmışdı. Lakin yevlaxlılar buna imkan vermədi.

Təcrübəli Ramiz Məmmədovun çalışdırdığı “Karvan-Yevlax” doğma meydanda iddialı, əsasən gənclərdən təşkil edilmiş Elhad Nəzirinin komandasını 2:1 hesabı ilə məğlub etməklə diqqət çəkdi.

Sportinfo.az-a açıqlama verən Ramiz Məmmədov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Birinci Liqada əksər komandalar, demək olar ki, yenidən qurulub və hər birinin qarşısında müəyyən hədəflər, iddialar var.

Futbol elədir ki, komanda uğurlu seriya yaxalayanda qələbələrin davamını gətirməyi bacarır. “Gəncəbasar” da məhz belə komandadır.

Layiqli oyun və qələbələrlə dörd turdan sonra 12 xal toplamışdı. Çox yaxşı şəraitə sahib olan komandadır.

Bilirdik ki, iddiaları yüksəkdir və Yevlaxa qələbə üçün gəlirlər. Uğurlu seriyanı davam etdirmək istəyirdilər.

Biz də hədəfimizə doğru irəliləmək, yuxarı pillələrdəki rəqiblərlə xal fərqini azaltmaq üçün qələbə qazanmağa çalışırdıq. Bunun üçün rəqibi detallı şəkildə analiz edib, futbolçulara lazım olan tapşırıqları vermişdik.

Meydanda futbolçuların hər biri can qoydu. Heç birini digərindən ayırmaq istəmirəm. Hamısı əvvəldən sona qədər döyüşdü, mübarizə apardı.

Az şans qazanan futbolçulara da ikinci hissədə şans verdik ki, onları meydanda görək, nəyə qadir olduqlarına şahid olaq.

Ümumilikdə, layiqli qələbə qazandığımızı düşünürəm. Bu qələbədə hamının payı var - bazada çalışanlardan, yeməkxanadakı xanımlardan tutmuş inzibatçıya qədər hər kəsin.

Qələbə münasibətilə klub rəhbərliyini, “Karvan-Yevlax”da çalışan hər kəsi, futbolçularımızı, azarkeşlərimizi, ümumiyyətlə, bütün Yevlax ictimaiyyətini təbrik edirəm. Çalışacağıq ki, bu qələbənin davamını gətirək”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti