“Avropa bizə gülür! Bizi cəmi 9 ildir mövcud olan komanda məğlub etdi” – Bu, Çexiyanın ruik.cz saytında dərc olunan yazının sərlövhəsidir.
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində Praqa “Slaviya”sını 2:0 hesabı ilə məğlub etməsi Çexiyanın futbol ictimaiyyətini özündən çıxarıb.
Təbii ki, bu sırada təkcə azarkeşlər və mütəxəssislər deyil, jurnalistlər də var. Çex həmkarlarımızın “Sabah”a “asan yem” gözündə baxması və təmsilçilərinin Bakıdan qələbə ilə qayıdacağına olan inamlarının puç olması indi onlara rahat nəfəs almaq imkanı vermir.
Mixal Sedlaçek matçdan dərhal sonra yuxarıda qeyd olunan başlıq altında qələmə aldığı yazının məzmunu belədir:
“Slaviya” Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu da uduzdu – 0:2. Bakıda “Sabah”la qarşılaşmada Praqa təmsilçisi çoxsaylı qol imkanları yaratsa da, yenə zəif bitiriciliyin qurbanı oldu.
Təbii ki, azarkeşlər nəticədən məyusdur və onları “Slaviya”nın cəmi 9 il əvvəl yaradılmış komandaya uduzması məyus edir. “Slaviya” Avropada getdikcə gülüş hədəfinə çevrilir.
Yazılan şərhləri oxuyuram, azarkeşlər hesab edirlər ki, bu məğlubiyyətlə “Slaviya” Avropada gülüş obyektinə çevrilib.
“Slaviya”nın 50 yaşlı baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının əsas mərhələsində 16-cı oyununda da ilk qələbəsini qazana bilmədi. Praqa təmsilçisi Azərbaycanda yerli “Sabah”la qarşılaşmada bir sıra real qol imkanları əldə etsə də, sonda 0:2 hesablı məğlubiyyətlə evə qayıtmaq məcburiyyətində qaldı.
Oyunun taleyini 47-ci dəqiqədə Kahim Parrisin vurduğu qol həll etdi. Matçın sonlarına yaxın isə qapıçı Yakub Markoviçin böyük səhvindən sonra Coy-Lens Mikels hesab arasındakı fərqi artırdı.
“Slaviya” Çempionlar Liqasında indiyədək yeganə qələbəsini 2007-ci ilin payızında Karel Yarolimin rəhbərliyi altında Buxarestin “Styaua” klubuna qarşı keçirilən oyunda qazanıb – 2:1.
2007-ci ildə “Slaviya”nın çərşənbə axşamı Bakıda qarşılaşdığı rəqib hələ mövcud deyildi. Çünki “Sabah” bundan 10 il sonra yaradılıb. Buna baxmayaraq, Bakı komandası Azərbaycan futbolunun iyerarxiyasında çox sürətlə yüksəlib və ötən mövsümün sonunda tarixində ilk çempionluğunu qazanıb. Oktyabrın 13-də isə “Sabah” “Slaviya”nı məğlub etməklə Çempionlar Liqasında ilk qələbəsini əldə edib.
Bəli, “Sabah” 2017-ci ildə yaradılıb. 2017-ci ildə!
Bu, artıq sadəcə uğursuzluq deyil, biabırçılıqdır. İndiyədək gördüyüm ən bərbad oyunlardan biri idi. Oyunda heç nə yox idi. Liqada çempion oluruq, Avropada isə hamının gülüş hədəfinə çevrilirik. Bizi cəmi 9 il əvvəl yaradılmış komanda məğlub etdi.
Elə oynadıq ki, sanki Çempionlar Liqasına səhvən gəlmişik. Çempionlar Liqasındakı çıxışımız biabırçılıqdır. Bu səviyyəyə uyğun deyilik. Təəssüf ki, belədir.
“Slaviya”nı qarşıdakı turlarda çox çətin təqvim gözləyir. Beləliklə, Praqa təmsilçisinin Çempionlar Liqasında iki turdan sonra xalı yoxdur. Üstəlik, qarşıdakı təqvim həqiqətən çox çətindir və xal qazanmaq üçün böyük ümidlər vəd etmir.
Buna görə də nüfuzlu turnirdə ilk qələbənin gəlməsinin gələn mövsümə qədər uzanacağı artıq heç kimi təəccübləndirməyəcək. “Sabah”a uduzan komanda hansı rəqibini udacaq?
HƏBİB hazırladı
SPORTİNFO.AZ
