“Roma”nın direktoru Frederik Massara açıqlayıb ki, klub hələlik Paulo Dibala və Lorenso Pelleqrini ilə müqavilələrin müddətinin uzadılması barədə danışıqlara başlamayıb.
Hər iki futbolçunun “Roma” ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, paytaxt klubunun rəsmisi vəziyyəti bildiklərini söyləyib:
“Biz vəziyyəti bilirik, amma hazırda bütün diqqətimizi oyunlara yönəltmişik.
Müqaviləsinin müddəti başa çatacaq futbolçular böyük peşəkarlıq və kluba sədaqət nümayiş etdirirlər. Hazırda onlarla bağlı heç bir müzakirə aparılmayıb”.
31 yaşlı Dibala 2022-ci ilin yayında “Yuventus”dan “Roma”ya azad agent kimi keçib.
Klubun yetirməsi olan Pelleqrini isə bu mövsüm 5 matçda oynayıb və 1 qol vurub.
Massara həmçinin, vurğulayıb ki, hazırda A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Roma” maliyyə məhdudiyyətlərinə görə qışda böyük transferlər planlaşdırmır.

