Bnlə oyundan sonra meydanı başıaşağı tərk eləmək…
kim üzülməz ki…
«Sabah» bu məğlubiyyətə layiq deyildi, hər halda. 90 dəqiqənin ədalətli nəticəsi bərabərlik olmalı idi, olmadı.
Bu dəfə alınmadı.
«Borussiya» Bakıdan apardığı 3 xala görə futbol ilahəsinin əl-ayağını öpməlidir. Dönə-dönə öpməlidir, ona sonsuz təşəkkür etməlidir.
Keçirdiyi son iki oyunda rəqib qapılarına yol tapa bilməyən «Borrusiya» Bakı Olimpiya Stadionunda əlahiddə nəsə göstərmədi. Əldə etdikləri azsaylı fürsətləri dəyərləndirdilər, iki qol vurdular,
Keyfiyyət bu yerdə yenə öz sözünü dedi.
«Sabah» adlı-sanlı rəqibindən çəkinmədi. Ürəyinə qorxu düşmədi, ayaq əsdirmədi.
Eynən keçənilki «Qarabağ» kimi.
Gənclərlə təcrübəlilərin sintezindən əmələ gəlmiş «Borussiya»nın üzərinə basa-basa getdilər. Meydanın hər qarışı uğrunda vuruşdular.
Epizoda girmədilər, epizodlara girdilər. Qol imkanı yaranmadı, onu yaratdılar.
İlk qolda ən böyük səhv Stas Pokatilovun oldu. «Slaviya» ilə matçın baş qəhrəmanı dünən həmin güvəni vermədi, o salnaməni təkrarlamadı. Bəzi kritik epizodlarda yanlış qərarlar verdi.
Üzərindən ata bilmədi o psixoloji basqını. İkinci qolda isə müdafiə xəttinin tamamının ani diqqətsizliyi Seru Girassinin dublunu rəsmiləşdirməsinə şərait yaratdı.
MUSA
