
“Milan”ın hücumçusu Rafael Leao komandanın müdafiəçisi Teo Hernandesə emosional vida mesajı ünvanlayıb.
Sportinfo.az xəbər verir ki, fransalı futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidi ilə bağlı yayılan xəbərlərdən sonra Leao sosial şəbəkədə paylaşım edərək, ona uğurlar arzulayıb:
“Qardaşım, döyüş yoldaşım, biz bir çox yaxşı və çətin anlar yaşadıq. Səninlə eyni paltardəyişmə otağını və meydanı paylaşmaq çox gözəl idi.
Yeni mərhələdə sənə uğurlar arzulayıram. Sənə görə çox darıxacam, çünki bu illər ərzində sən mənim üçün önəmli insana çevrildin.
Hər şey belə bitməməli idi, amma həyat çağırışlardan ibarətdir. Yeni yolunda uğurlar, hər zaman sənin və bizim üçün dua edəcəm”.
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri də Hernandesin ayrılacağını artıq təsdiqləyib.
27 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 49 oyunda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.